Bakıda aylıq normanın 5 qatından çox yağış yağdı

Bakıda aylıq normanın 5 qatından çox yağış yağdı
SOSİAL
11:10 01.09.2026
93
Sentyabrın 1-i saat 10:00-a olan faktiki hava şəraiti açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, şimşək çaxıb. Ayrı-ayrı ərazilərdə yağıntılar leysan xarakterli və intensiv olub.

Bakıda və Abşeron yarımadasında 18-22 mm yağıntı qeydə alınıb. Bu isə aylıq normanın 300-524 faizini təşkil edib. Saat 20:35 və 21:50 radələrində şəhərətrafı ərazilərdə intensiv leysan yağışı ilə yanaşı, xırda dənəli dolu da müşahidə olunub.

Rayonlarda ən çox yağıntı Şahdağda qeydə alınıb – 51 mm. Bu, aylıq normanın 151 faizinə bərabərdir. Qusarda 28, Qəbələdə 18, Xızı, Xaltan və Şabranda 14, Qrızda 13, Xınalıq və Ağstafada 10, Lerik və Oğuzda 8, Zaqatala, Qax, Şəki və Balakəndə 7, Qobustanda 5, Qubada 4 mm yağıntı düşüb.

Lənkəran, Astara və Yardımlıda 3, Göyçay, İmişli, Sabirabad, Biləsuvar və Daşkəsəndə 2 mm, Şamaxı, Xaçmaz, Şirvan, Mingəçevir, Yevlax, Zərdab, Kürdəmir, Salyan, Ağdam, Tovuz, Gədəbəy, Kəlbəcər, Laçın, Qubadlı və Şuşada isə 1 mm-dək yağıntı qeydə alınıb.

Bəzi ərazilərdə güclü külək də müşahidə olunub. Şimal-qərb küləyinin maksimal sürəti Neftçalada 20, Bakıda və Abşeron yarımadasında, eləcə də Şirvanda 18, Culfada isə 17 metr/saniyəyə çatıb.
OXŞAR XƏBƏRLƏR