“Həmin yolu getmək artıq xeyli müddətdir dəhşətə çevrilib”.
Anar İbrahimov adlı oxucunun AZXEBER.COM-a göndərdiyi fotolarda vəziyyətin hansı həddə olduğu açıq-aydın görünür.
Oxucu vətəndaş kimi uzun müddətdir davam edən və həllini tapmayan 2 konkret məsələyə mətbuatın diqqətini yönəldir:
"İlk öncə qeyd edim ki, "Həzi Aslanov" metrosunun yanından keçən bu yol artıq uzun müddətdir bərbad vəziyyətdədir. Həmin yol "Həzi Aslanov 2" metro stansiyasının tikilməsi ilə əlaqədar bağlanan yola alternativ yol kimi çəkilmişdir. Həmin yolu getmək artıq xeyli müddətdir dəhşətə çevrilib. Heç olmasa həmin hissələri yamaqlamaq olmazmı? Oradan keçən avtomobillər hər dəfə çətinliklə üzləşir. Bu da onların texniki cəhətdən nasazlığına gətirib çıxara bilir". İkinci məsələ ilə bağlı şikayətçi qeyd edir ki, Tbilisi prospektində yerləşən keçidin yanında (Dünya məktəbinə gedən yolun üzərində) olan quyu artıq 2 aya yaxındır açıqdır: "Dəfələrlə ora avtomobillər düşüb. Təəssüf ki, hələ də çarəsi tapılmır. Məktəb yaxınlığında olduğu nəzərə alınsa, sabah ora bir uşaq düşüb dünyasını dəyişsə, onda nəsə etmək yada düşəcək? Xahiş olunur, aidiyyəti üzrə məsələ ilə maraqlanasınız".
Şikayətçi yollardakı hər iki problemin fotolarını da redaksiyamıza göndərib.
AZXEBER.COM olaraq həmin fotoları təqdim edirik:






















































