Bakıda daha bir küçə bağlandı

Bakıda daha bir küçə bağlandı
Bütün Xəbərlər
16:55 07.12.2012
1247
Bakının Nəsimi rayonunda daha bir küçə bağlanıb, yaranan vəziyyət təhlükə doğurur. AZXEBER.COM xəbər verir ki, akademik Həsən Əliyev küçəsindən Tbilisi prospektinə çıxış əməli olaraq tam bağlanıb. Səbəb “Azərsu” tərəfindən aparılan təmir və boru çəkilməsi işlərinin həyata keçirilməsidir. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, Nəsimi rayonunda yeni metro stansiyasının tikintisi ilə əlaqədar olaraq hərbi hospital qarşısından keçən Ceyhun Səlimov küçəsi (keçmiş Papanin) qeyri-müəyyən müddətə bağlanıb. Eyni zamanda, Səbail rayonunda sürüşmə ilə əlaqədar olaraq Badamdar şosesində “Bəyləroğlu” restoranından “20-ci sahə” istiqamətində olan hissə bağlanıb. Bununla yanaşı, Nəsimi rayonunda su xəttinin təmiri ilə əlaqədar olaraq Dilarə Əliyeva küçəsinin bir hissəsi bağlanıb. Yasamal rayonunda mərkəzi küçələrdən biri olan Səid Rüstəmovun bir hissəsi bağlanıb. S.Rüstəmov küçəsi Süleyman Rüstəmov küçəsi ilə kəsişmədən Nizami küçəsi ilə kəsişməyədək hərəkət üçün bağlıdır. Səbəb yolun təmiri və bu küçədə yerləşən binaların fasadlarının yenidən qurulmasıdır. Eyni zamanda, Nəsimi rayonunda mərkəzi küçələrdən biri olan Şamil Əzizbəyovun bir hissəsi bağlanıb. Ş.Əzizbəyov küçəsi Ağadadaş Qurbanov küçəsi ilə kəsişmədən Mirzə İbrahimov küçəsi ilə kəsişməyədək bağlanıb. Bağlanmanın səbəbi köhnə su borularının yeni plastik borularla əvəzlənməsidir. Beləliklə, şəhərin iki paralel mərkəzi küçəsi - Fizuli və Ş.Əzizbəyov hərəkət üçün bağlıdır ki, bu da böyük tıxaclar yaradır. Bununla yanaşı, Nəsimi rayonunda Alı Mustafayev küçəsi də bağlanıb. (3-cü mikrorayon dairəsindən 3-cü mikrorayon bazarı, Ziya Bünyadov prospektinin başlanğıcınadək). Burada, bazar qarşısında tunel tikilir. Həmçinin Nərimanov rayonunda mərkəzi küçələrdən biri olan akademik Həsən Əliyev küçəsinin (keçmiş İnqilab küçəsi) bir hissəsi bağlanıb. H.Əliyev küçəsi Mustafa Kamal Atatürk prospekti ilə kəsişmədən Koroğlu Rəhimov küçəsi ilə kəsişməyədək hərəkət üçün bağlanıb. Buna səbəb isə tunel tikintisi və torpaq işlərinin həyata keçirilməsidir. Nəticədə Bakının Nəsimi, Nərimanov və Yasamal rayonlarının mərkəzi avtomobil traslarında bu gün səhərdən ağır vəziyyət yaranıb. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri polkovnik-leytenant Vaqif Əsədovun Gün.Az-a verdiyi məlumata görə, heç bir yolu Yol Polisi bağlamayıb, bu digər qurumlar tərəfindən edilib.
OXŞAR XƏBƏRLƏR