Xəbər verdiyimiz kimi Bakıda mal ətinin qiymətində artım müşahidə edilir. Sümüklü mal ətinin qiyməti 19 manat, sümüksüzün qiyməti isə 23 manata qaldırılıb.
Satıcılar qiymət artımını heyvan azlığı ilə əlaqələndirirlər.
İqtisadçı Asif İbrahimov AZXEBER.COM-a açıqlamasında deyib ki, mal ətinin qiymətinin bahalaşması artıq sıradan qiymət artımı kimi qiymətləndirilməməlidir:

"Bakıda sümüksüz mal ətinin qiymətinin bahalaşması artıq sıradan qiymət artımı kimi qiymətləndirilməməlidir. Sümüklü mal ətinin 18-19 manata, sümüksüz quzu ətinin isə 23 manat səviyyəsinə yüksəlməsi vətəndaşın gündəlik xərclərinə birbaşa təsir edən ciddi iqtisadi problemdir.
Bu bahalaşmanı yalnız mövsümi amillərlə, tələbin artması, heyvanların azalması kimi ifadələrlə dolandıra-dolandıra izah etmək artıq problemin özünü deyil, nəticəsini söyləməkdir. Bizdə birinci növbədə bir sual verilməlidir: niyə heyvanların sayı azalıb?
Niyə heyvandarlıq kifayət qədər gəlirli sahəyə çevrilə bilmir? Niyə daxili istehsal ölkə əhalisinin tələbatını qarşılaya bilmir? Heyvan sayının azalması özündə daha dərin problemlərin əks-sədasıdır. Yəni, bu heyvanlar boş yerə azalmayıb. Burada, əgər bir problem varsa, uzun illərdir buna gətirib çıxaran xroniki xəstəliklər var və onları aradan qaldırmalıyıq”.
O qeyd edib ki, əhalinin ət almağa gücü çatmır:
"Əgər dövlət qurumları illərdir heyvandarlığa subsidiyalar, güzəştlər tətbiq edirlər, müxtəlif dəstək proqramları həyata keçirirlər, amma nəticədə vətəndaş gedib daha baha qiymətə ət alırsa, burada siyasətin effektivliyinə sual verilməlidir. Bu boyda subsidiya ayırdınız, müxtəlif proqramlar həyata keçirdiniz, xaricdə və ölkə daxilində təhsil almış mütəxəssisləri, məmurları cəlb etdiniz. Bəs bunların axırı nə oldu? Subsidiyaların verilməsi özü nəticə deyil. Nəticə istehsalın artmasıdır, məhsul bolluğunun təmin edilməsidir, maya dəyərinin aşağı salınmasıdır və istehlakçının daha münasib qiymətə məhsul əldə etməsidir. FAO-nun verdiyi məlumata görə, hər bir insan ildə 76-78 kiloqram ət qəbul etməlidir. Azərbaycan əhalisi 2024-cü ildə 40 kiloqram ət istehlak edirdi, hər vətəndaşa düşən göstərici bu idi. Amma 2025-ci ildə gəlib 35-36 kiloqrama düşüb. Bu da o deməkdir ki, artıq insanların büdcəsi buna imkan vermir. Yəni, Azərbaycanda hamı vegetarian deyil”.
İqtisadçı qeyd edib ki, əsas problemlərdən biri də yem bazasıdır:
"Əsas problemlərdən biri də yem bazasıdır. Arpa, qarğıdalı, ot, saman və yem əlavələrinin qiymətinin yüksəlməsi birbaşa heyvanın yetişdirilməsinin maya dəyərini artırır. Fermer daha baha yem alırsa, heyvanı ucuz qiymətə satmağa maraqlı olmayacaq. Təbii ki, ətin qiymətinin formalaşmasında xərclər böyük əhəmiyyət kəsb edir. Nəticədə diri heyvanın qiyməti yüksələcək və bu artım son mərhələdə artıq kəsilmiş ətin qiymətinə də təsir edəcək”.
O qeyd edib ki, ətin bahalaşmasının kökündə fermerin istehsal xərcləri ən birinci məsələlərdən biri kimi dayanır:
"Təbii ki, ətin bahalaşmasının kökündə fermerin istehsal xərcləri ən birinci məsələlərdən biri kimi dayanır. Lakin məsələ yalnız yemlə məhdudlaşmamalıdır. Daha ciddi problem Azərbaycanda bütün sahələrdə olduğu kimi, bu sahədə də məhsuldarlığın aşağı olmasıdır. Biz yalnız "ölkədə neçə baş mal-qara var?” sualını müzakirə etməməliyik. Əsas sualımız və yanaşmamız bundan ibarət olmalıdır ki, bir baş heyvandan nə qədər ət əldə edilməlidir. Yəni, bu normativlər tətbiq olunmalıdır. Damazlıq bazası zəifdirsə, intensiv bəsləmə həyata keçirilməyibsə və bir kiloqram ətin istehsalına həddindən artıq resurs sərf olunursa, heyvanların sayı artsa belə, ətin ucuzlaşması mümkün deyil. Müasir heyvandarlıqda da əsas göstərici heyvanların sayı deyil. Məhsuldarlıq və maya dəyəri ön plana çıxarılır.
Burada dövlətin apardığı siyasətin nəticəliliyi də ciddi şəkildə qiymətləndirilməlidir. Yəni, dövlət dəstəyi artırılırsa, istehsalın maya dəyəri aşağı düşmürsə, məhsuldarlıq yüksəlmirsə və istehsalçı da qiyməti artırmağa davam edirsə, deməli, tətbiq olunan mexanizmlərin səmərəliliyində problem var. Vergi ödəyicisinin vəsaiti hesabına ayrılan subsidiyanın nəticəsi yalnız fermerə ödəniş etmək deyil. Bazarda daha çox və daha əlçatan məhsul yaradılmalıdır”.
Heyvandarlıq və aqrar sahədə fəaliyyət göstərənlərin fəaliyyətlərinə də KPI-lər tətbiq olunmalıdır. Bu KPI-lər də belə olmalıdır ki, bu sahədə göstəricilər yaxşılaşırsa, mükafat verilir. Amma öz öhdəliklərini və sənə tapşırılan sahə üzrə fəaliyyətini həyata keçirə bilmirsənsə, konkret olaraq məsuliyyət daşımalısan.
Bu 23 manatlıq ət qiymətini yalnız fermerin xərcləri ilə izah etməməliyik. Fermərdən istehlakçıya qədər uzun bir qiymət zənciri formalaşır. Fermerdən başlayaraq heyvan alverçisi, kəsim məntəqəsi, topdan satış, logistika, pərakəndə satış, hətta qida təhlükəsizliyi ilə bağlı mərhələlər – hamısı üst-üstə gələndə nəticədə ətin qiyməti 23 manata çatır. Yəni, ümumilikdə onu demək istəyirəm ki, fəaliyyətimiz nəticəsində konkret olaraq maya dəyəri artıqdır və maya dəyəri yüksək olanda, yekun qiymətə də öz təsirini göstərir”,-deyə iqtisadçı vurğulayıb.
Şahanə Ziyad











































