Xəbər verdiyimiz kimi, Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə avqustun 15-də start verilir. Bununla yanaşı, avqustun 15-dən "Nizami” və "28 May” stansiyaları arasında fəaliyyət göstərəcək əlavə avtobuslar ödənişli olacaq.
Yaranan nəqliyyat problemlərinin qarşısını almaq məqsədilə xətt boyunca xüsusi əvəzedici avtobusların ödənişli marşruta buraxılması isə suallar doğurur.
Belə ki, normalda "28 May”dan "Dərnəgül”ə gedən sərnişin bunun üçün 60 qəpik xərcləyirdisə, indi "28 May”dan "Nizami”yə ödənişli avtobusla gedib, oradan "Dərnəgül”ə getmək üçün yenidən metroya girməli olacaq. Bu da sərnişinlər üçün əlavə xərc deməkdir.
Bəs analoji hallarda beynəlxalq təcrübə nə deyir? Metropoliten təmirə bağlanarkən dünya şəhərləri sərnişindaşımanı necə tənzimləyir?
Nyu-York (ABŞ)
Nyu-York şəhərində 2019-cu ildə güclü fırtınadan zərər görmüş "L” xəttinin tunelinin təmiri və bərpası üçün qatarların hərəkəti məhdudlaşdırıldı. Təmir səbəbindən insanların mənzilbaşına çatması çətinləşdiyi üçün metro xəttinə paralel işləyən müvəqqəti avtobus marşrutları yaradıldı. Bu əvəzedici avtobuslarda gediş sərnişinlər üçün tamamilə pulsuz edildi. Məqsəd infrastrukturun təmirinə görə vətəndaşların həm vaxt, həm də əlavə pul itirməsinin qarşısını almaq idi.
Berlin (Almaniya)
Almaniya paytaxtında 2021–2023-cü illərdə "U-Bahn” metro tunellərinin və stansiyalarının yenilənməsi layihələri çərçivəsində bəzi stansiyalar müvəqqəti bağlandı. Bu zaman müvəqqəti əvəzedici nəqliyyat sistemi işə salındı. Berlində sərnişinlər aldıqları tək bir biletlə müəyyən olunmuş vaxt ərzində (adətən 2 saat daxilində) həm metrodan, həm də əvəzedici avtobusdan əlavə ödəniş etmədən istifadə edə bildilər.
London (Böyük Britaniya)
London Nəqliyyat İdarəsi 2018–2022-ci illərdə "Northern” və "Circle” xətlərində genişləndirmə və relslərin yenilənməsi səbəbindən qatarların hərəkətini müvəqqəti dayandırdı. Bu müddətdə metronu əvəz edən xüsusi avtobuslar fəaliyyət göstərdi. Sərnişinlər metro üçün ödədikləri gediş haqqı ilə bu avtobuslardan istifadə etdilər. Yəni avtobusa keçərkən sərnişindən ikinci dəfə pul alınmadı və bütün gediş tək bir səfər kimi hesablandı.
Tbilisi (Gürcüstan)
Qonşu Gürcüstanda Tbilisi metrosunun "Axmeteli–Varketili” xətti üzərində yerləşən "Qotsiridze” stansiyası 2020–2023-cü illərdə əsaslı təmir və platformanın təhlükəsizliyinin artırılması məqsədilə tamamilə bağlandı. Təmirin davam etdiyi 3 il ərzində şəhər rəhbərliyi tərəfindən alternativ avtobus marşrutları istifadəyə verildi.
Gürcüstan təcrübəsində vahid nəqliyyat kartı vasitəsilə 1 saat ərzində metrodan avtobusa pulsuz keçid imkanı tətbiq olunduğu üçün sərnişinlər əvəzedici avtobuslara görə ciblərindən əlavə pul ödəmədilər.
Paris (Fransa) və Madrid (İspaniya)
Fransa və İspaniyada 2021–2024-cü illərdə metro xətlərinin yenilənməsi işləri zamanı təkcə bilet inteqrasiyası ilə kifayətlənilmədi, həm də əvəzedici avtobusların tıxacda qalmaması üçün yollarda xüsusi müvəqqəti avtobus zolaqları ayrıldı. Bu da avtobusların dəqiq metro tezliyi ilə (hər 3–5 dəqiqədən bir) hərəkət etməsinə şərait yaratdı. Madrid metrosunun 8-ci xəttində aparılan təmir zamanı işləyən xüsusi avtobuslar da metronun mövcud ödəniş sisteminə tam uyğunlaşdırılmışdı.
Dünya təcrübəsi göstərir ki, metroda təmir işləri aparılarkən xətti əvəz edən avtobusların pulsuz olması və ya mövcud metro gediş haqqına daxil edilməsi (ikinci dəfə ödəniş alınmaması) əsas qaydadır. Bu addım həm sərnişinlərin gündəlik nəqliyyat xərcini artırmır, həm də insanları şəxsi avtomobil və ya taksidən istifadə etməyib ictimai nəqliyyatda qalmağa həvəsləndirir.
Fəridə Əsədzadə












































