Faktla bağlı cinayət işi başlanılıb.
Bakının mərkəzində yerləşən gecə klubunda polisləri bıçaqlayan şəxslər saxlanılıb.
AZXEBER.COM APA TV-yə istinadən xəbər verir ki, hadisə Mikayıl Müşfiq küçəsində yerləşən “502” gecə klubunda baş verib. Dava zamanı ikisi polis olmaqla, 3 nəfər bıçaqlanıb.
Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, kütləvi davada 10-a yaxın adam iştirak edib. Dava zamanı bir tərəfdə 23 yaşlı Mahmud Qurbanlı, onun həmyaşıdı Vasif Musayev, 29 yaşlı Firat Qurbanov və 24 yaşlı Ramin Ələsgərov, digər tərəfdə olan Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşı Nicat Hədiyev, Nizami RPİ-nin əməliyyatçısı Tural Həsənov və onların yanında olan 25 yaşlı Xalid Məmmədov dalaşıblar.
Təpik-yumruq davasında sonradan bıçaqlar işə düşüb. Nəticədə polislər – N.Hədiyev, T.Həsənov və onların tanışı X.Məmmədov bıçaqlanıblar.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.