Qatil kənarda durub polisin gəlməyini gözləyib.
Bu gün Bakıda təxminən səhər saat 10.00 radələrində qətl hadisəsi törədilib. Qayınata kürəkənini bıçaqlayıb.
Bu barədə Nizami rayon 24-cü polis bölməsindən xəbər verilib.
Alınan məlumata görə, Saatlı rayon sakini 1987-ci il təvəllüdlü Əliyev Rəvan Arif oğlu qətlə yetirilib. Qətlə yetirilənin bədənində 57-yə yaxın bıçaq yarası aşkar edilib. Qətl “Mil” kafesində törədilib. Əliyev burada ofisiant işləyirdi.
Qatil qətlə yetirilənin qayınatası, “Azəriqaz”ın əməkdaşı, 1969-cu il təvəllüdlü Lazımov Elçin Nürəddin oğludur. Qətl yerindən qaçmağa belə cəhd etməyən qatil kafenin yanında sakit durub polisin onu aparmağa gəlməsini gözləyib.
Məlumdur ki, qətldən bir müddət öncə Əliyev və Lazımov çay süfrəsi arxasında söhbət ediblər. Aydın olub ki, Lazımovun qızı ilə cəmi bir ildir ki, ailəli olan Əliyev arasında münaqişə olub, nəticədə Lazımovun qızı ər evindən gedib. Bu məsələ atanı çox qəzəbləndirib, ona görə də məsələyə aydınlıq gətirmək üçün kafeyə gəlib.
Cinayət zamanı istifadə edilən cib bıçağı əyani sübut qismində işə əlavə edilib.(Oxu.az)