Bakıda Ramil Səfərovun kitabının təqdimatı keçirildi

GƏNCLİK
18:03 14.04.2012
2240

 Budapeşt şəhər məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun macar dilindən tərcümə etdiyi Ferens Molnarın “Pal küçəsinin oğlanları” kitabının növbəti dəfə təqdimat mərasimi keçirilib.

AZXEBER.COM-un APA-ya istinadən verdiyi xəbərə görə, Gənclərə Yardım Fondunda baş tutan tədbirin təşkilatçıları “AzeBookNet” şəbəkəsi və “İdea Youth Club” olub. Təqdimatda AzeBookNet” şəbəkəsinin həmtəsisçisi Aynur Zərrintac, “İdea Youth Club”un təmsilçisi Şəfiqə Fərzəliyeva, Ramil Səfərovun atası Sahib Səfərov, ramilsafarov.com saytının admini Şəbnəm Gülməmmədova və başqaları çıxış edib.

Tədbir zamanı satışa çıxarılan kitabların əksəriyyəti satılıb. Qeyd edək ki, R. Səfərov kitabı Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun, "İgidliyə görə" medalı ilə təltif edilən Əhməd Abdullayevin, Fərid Əhmədovun, eləcə də Qarabağ savaşında həlak olan bütün şəhidlərin əziz xatirəsinə ithaf edib. Əsərin əhəmiyyətini kitabın girişində vurğulayan Ramil Səfərov qeyd edib ki, gənc məktəblilərin vətənpərvər ruhda tərbiyə olunması baxımından bu tərcümə əvəzsizdir: “Bir çox müştərək dəyərlərə sahib çıxan macar və Azərbaycan xalqlarının bir-birini daha yaxından tanıması istiqamətində atılan addımlara bu tərcümə kiçik bir töhfə olacaq”.

OXŞAR XƏBƏRLƏR