"Azərbaycanda mənzil qiymətlərinin aşağı düşməsi üçün ilk növbədə bazardakı tələb və təklif balansı təmin edilməlidir. Bunun üçün tikinti sektorunun stimullaşdırılması, yeni layihələrin sayının artırılması və tikintinin maya dəyərinin aşağı salınması vacibdir".
AZXEBER.COM xəbər verir ki, bunu BAKU.WS-ə açıqlamasında AQC İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, mənzil bazarına təzyiqin azalması üçün regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi də mühüm amillərdən biridir:
"Universitet, institut, təhsil və istehsalat müəssisələrinin regionlarda daha geniş yerləşdirilməsi Bakıya olan miqrasiyanı azalda bilər. Eyni zamanda regionlarda yeni iş yerlərinin yaradılması, əhalinin gəlirlərinin artırılması və tələbələr üçün yataqxanaların tikilməsi həm mənzil, həm də kirayə bazarındakı yükü azalda bilər.
Tikintinin maya dəyərinə ən ciddi təsir edən amillərdən biri torpaq sahələrinin qiymətidir. Tikinti şirkətlərinə torpaqların daha əlverişli şərtlərlə, o cümlədən kredit mexanizmləri ilə təqdim edilməsi və sosial layihələr üçün dövlət tərəfindən torpaq sahələrinin ayrılması yeni mənzillərin daha münasib qiymətə təklif olunmasına şərait yarada bilər.
Bundan başqa, ipoteka kreditlərinin şərtlərinin yumşaldılması, kreditlərə çıxışın genişləndirilməsi və Kredit Zəmanət Fondunun imkanlarının artırılması da mənzilə əlçatanlığı yüksəldə bilər. Bununla yanaşı, əhalinin gəlirlərinin və minimum əməkhaqqının artması, manatın alıcılıq qabiliyyətinin qorunması və alternativ investisiya imkanlarının genişləndirilməsi də bazara təsir edən əsas amillərdəndir".
AQC sdəri əlavə edib ki, hazırda Bakıda nisbətən daha münasib qiymətə mənzillərə əsasən Qaradağ və Xəzər rayonlarında, eləcə də Sabunçunun bəzi kənar ərazilərində rast gəlmək mümkündür:
"Lakin bu ərazilərdə qiymətlərin aşağı olmasının əsas səbəblərindən biri kirayə bazarının da zəif olmasıdır.
Kirayə gəlirlərinin aşağı olması həmin ərazilərin investisiya baxımından cəlbediciliyini azaldır. Bu isə öz növbəsində mənzillərin satış qiymətlərinin mərkəzi rayonlarla müqayisədə daha aşağı qalmasına səbəb olur".