31 Mart saat 20:30-da Dünyanın hər yerində yüz milyonlarla insanı elektrik enerjisindən istifadəsiz bir saat – “Yer saatı” bir araya gətirəcək. Bu barədə AZXEBER.COM-a WWF “Dünya saatı” kampaniyasının Azərbaycan üzrə koordinatoru Rauf Mərdiyev məlumat verib. Məlumata görə, bu planetimizin qorunması yolunda diqqətin iqlim dəyişikliyinə çəkilməsi üçün həmin insanlar tərəfindən atılmış simvolik addım olacaqdır.
“Yer saatı” 2007-ci ildə Sidney şəhərində kiçik təşəbbüslə başlayıb və sadə fəaliyyətdən ibarətdir: hər ilin Mart ayının son şənbə günü qlobal iqlim dəyişikliyinə biganə qalmayan insanlar bir araya gələrək atmosferə atılan karbon oksdinin miqdarını azaltmağı simvolizə edən elektrik enerjisi istifadəsini 1 saat müddətində dayandırılar. Sadə bir ideyayla başlayıb, iqlim dəyişikliyinə biganə olmamaq simvoluna çevrilən “Yer saatı” hal-hazırda, 135 ölkədən 5000-dən artıq şəhərin dəstəklədiyi yüz milyonlarla iştirakçı ilə dünyanın ən böyük ekoloji kampaniyasıdır.
Kampaniya müddətində bütün dünya üzrə, Eyfel qülləsi, Misir ehramları, Bukinqem Sarayi, Sidney Opera Evi, Empire State Building və şəhərlərin simvolu olan minlərlə bina və məkanların işıqlanması bir saat müddətinə dayandırılıb.
Azərbaycan 2011-ci ildə ilk dəfə olaraq bu qlobal hərəkata qoşuldu və Bakıda, 27 Mart tarixində paytaxtımızın simvolu olan Qız Qalasının işıqlarının bir saat müddətində söndürülməsi ilə ölkəmiz ilk addım atmış oldu.
“Yer saatı” 2012-ci il aksiyaları bütün dövrlərin ən kütləvi tədbiri olacaqdır. Çünki “Yer saatı” hər fərdi, hər qrupu, hər cəmiyyəti qlobal hərəkata qoşulmağa çağırır. Bu çağırış sabahımız üçün məsuliyyət daşıyan və sabahın necə olacağını düşünən qlobal hərəkatın daha güclü olmasına dəstək vermək istəyənlər üçündür. Dəyişikliklərin kiçik addımlardan başladığına inanan və bu addımı atacaq iradəyə sahib olan yüz milyonlar bir daha 31 Mart tarixində bir araya gələcəklər.
Azərbaycan gəncləri olaraq bu qlobal çağırışa dəstək vermək və bu kampaniyada ölkəmizin təmsil olunmasını təmin etmək bizim üçün önəmlidir. Biz öz üzərimizə götürdüyümüz işin məsuliyyətini başa düşərək yolumuza davam qərarı veririk. Amma bu missiyanın uğurlu alınması üçün yalnız tələbə və gənclərin fəaliyyəti yetərsizdir. İstərdik ki, özəl şirkətlər, dövlət qurumlar, ictimai təşkilatlar, fəal vətəndaşlar, bir sözlə planetin davamlı inkişafında maraqlı olacaq hər kəs bu kampaniyanın keçirilməsində fəal iştirak etsin və inanırıq ki, belə də olacaq.
Kiçik ideyayla başlayaraq davamlı inkişafın simvoluna çevrilşim yüz milyonların hərəkatında Azərbaycanın təmsilçiliyi üçün atacağınız addımlara görə əvvəlcədən hər kəsə təşəkkür edirik.