Bakıdakı xəstəxanada korrupsiya faktı - RƏSMİ

Bakıdakı xəstəxanada korrupsiya faktı - RƏSMİ
Bütün Xəbərlər
11:25 07.12.2012
1070

Fəaliyyət göstərməyən stasionar şöbələrin işçilərinə qanunsuz olaraq büdcə vəsaiti ödənilib

Azərbaycanda səhiyyə müəssisəsində maliyyə pozuntuları aşkar edilib. 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə məlumat daxil olub. AZXEBER.COM-un Baş Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən xəstəxana cari ilin yanvar ayından əsaslı təmirə bağlanmasına baxmayaraq, faktiki olaraq fəaliyyət göstərməyən stasionar şöbələrin 6 işçisinə qanunsuz olaraq 1873 manat məbləğində büdcə vəsaiti ödənilib. Bundan başqa Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Müalicə-profilaktika müəssisələrində bir xəstə üçün orta sutkalıq ərzaq normaları”nda müxtəlif adda qida məhsullarının verilməsi nəzərdə tutulmadığı halda həmin normaların tələblərinə əməl edilməyərək 6 min 632 manat dəyərində normadan artıq ərzaq məhsulları məxaric edilib. Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR