“Bakıkart”dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi

“Bakıkart”dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
İQTİSADİYYAT
16:26 19.09.2026
82
"BakıKart” (K Group MMC) tərəfindən gənclərin təhsildə qazandıqları uğurların təşviqi və onların gündəlik ictimai nəqliyyat xərclərinə dəstək göstərmək məqsədilə Qarabağ Universitetində xüsusi görüş keçirilib.

Görüş çərçivəsində Qarabağ Universitetinə qəbul zamanı ən yüksək nəticə göstərən 20 tələbəyə ictimai nəqliyyatda istifadə üçün nəzərdə tutulan 100 gedişlik "CityCard Xankəndi” hədiyyə kartları "BakıKart”ın İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Aynur Kərimli tərəfindən təqdim olunub.

Tədbir zamanı Qarabağ Universitetinin prorektoru Rüstəm İsgəndərli universitetin fəaliyyəti, tələbələr üçün yaradılan imkanlar və tədris mühiti barədə məlumat verib.

Görüşdə həmçinin gənclərin təhsildə uğurlarının təşviqi, tələbələrə dəstək və onların gündəlik həyatında ictimai nəqliyyat imkanlarının əlçatanlığı ilə bağlı fikir mübadiləsi aparılıb.

"BakıKart”ın nümayəndələri tələbələri əldə etdikləri yüksək nəticələr münasibətilə təbrik edib, onlara yeni tədris ilində uğurlar arzulayıblar.

Təqdim olunan "CityCard Xankəndi” kartlarının hər biri 100 gediş üçün nəzərdə tutulub və tələbələrin Xankəndi şəhərində ictimai nəqliyyatdan gündəlik istifadəsinə dəstək məqsədi daşıyır.

Görüşün sonunda tələbələrlə xatirə fotosu çəkilib.
 






OXŞAR XƏBƏRLƏR