Bakının ən zəngin bələdiyyə sədrlərinin adı MTN işində – Çovdarov onlara necə milyonlar qazandırıb?

Bakının ən zəngin bələdiyyə sədrlərinin adı MTN işində – Çovdarov onlara necə milyonlar qazandırıb?
Bütün Xəbərlər
02:16 27.11.2015
3610

Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev, Xırdalan Şəhər Bələdiyyəsinin sədri Eldar Əhmədov və Novxanı Bələdiyyəsinin sədri Şahin Tağıyevin adları Akif Çovdarovla yanaşı çəkilir. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan Akif Çovdarovun həbsindən sonra onun törətdiyi cinayətlər corab söküyü kimi süzülməyə başlayıb.

AZXEBER.COM-un aznews-a istinadən verdiyi xəbərə görə, məlum olub ki, Çovdarovun istixanaları, balıq becərmə təsərrüfat sahələri əsasən Masazır ərazisindədir. Və bu ərazilər qeyri-qanuni olaraq ona hədiyyə edilib. Bunun qarşılığında isə bələdiyyə sədri öz qanunsuz əməllərini sığortalayıb, Çovdarovun zəhmindən, hökmündən özünə qalxan kimi istifadə edib. Xəbərə görə, özünü Akif Çovdarovun yaxın adamı kimi təqdim edən S.Əliyev 10 ildən artıqdır ki, sədrlik postunu qoruyub və ağıla gəlməyən qanunsuzluqlara əl atıb, nəticədə isə dəyəri milyonlarla ölçülən sərvətə sahib olub. Buna görə də, o, Azərbaycanın ən zəngin bələdiyyə sədrlərindən biri kimi tanınır. Bələdiyyə sədrinin səlahiyyətlərini aşması, bələdiyyə üzvlərini daim qorxu və həyəcan içərisində saxlaması da məlum olub. Elə buna görədir ki, sədr istintaqa cəlb olunan kimi bələdiyyə üzvləri onun qanunsuz əməlləriylə bağlı prezident İlham Əliyevə müraciət hazırlayıblar. Müraciətdə bildirilir ki, S.Əliyev A.Çovdarovla birləşərək bələdiyyə üzvlərinə hədə-qorxu gəlib, onlara saxta sənədlərə imza atdıraraq hektarlarla torpaq sahələrində istixana qurdurub. Müraciətdə Çovdarovun yaxın adamı, onun Abşerondakı bütün təsərrüfatına nəzarət edən,DİN-in keçmiş polkovniki Adil Yaqubovunda adı çəkilir. Belə ki, bələdiyyə üzvlərinin müraciətinə görə, A.Yaqubov onları həbs etdirməklə qorxuzub. Müraciətdə qeyd edilir ki, bələdiyyə üzvlərinə bu hədə-qorxular qanunsuz sənədlərə imza atmaqdan imtina etdikləri vaxtı olurmuş.

Masazır Bələdiyyəsinin sədri Siyanfər Əliyev istintaqa cəlb olunması xəbəri ilə bağlı bunları deyib: “Nə hansısa istintaq cəlb olunmuşam, nə də dindirilmişəm”.

AZXEBER.COM-un əldə etdiyi məlumata görə isə, mətbuatda tez-tez neqativ olaylarda əsas fiqur kimi görünən Masazırın bələdiyyə sədri Siyanfər Əliyevin adı Hökməli bələdiyyəsinin sədri ilə “Sevil” MTK arasında vasitəçilik etməkdə və onların müştərək işlərini koordinasiya etməkdə hallanırdı. Və onu bu olaydan qurtaran məhz Akif Çovdarov olub. Keçmiş MTN generalı öz yaxın adamını “Sevil” MTK işindən qurtararaq onun istintaqa cəlb edilməsinin qarşısını alıb.

Daxil olan digər məlumata görə, Çovdarovla başqa bələdiyyə sədrlərinin də yaxın əlaqələri müəyyən olunub. Onlardan Xırdalan Şəhər Bələdiyyəsinin sədri Eldar Əhmədov və Novxanı Bələdiyyəsinin sədri Şahin Tağıyevin də yaxın günlərdə istintaqa cəlb ediləcəyi gözlənilir.

OXŞAR XƏBƏRLƏR