Artıq iki həftədən çoxdur ki, Bakının əsas prospekti olan Neftçilər prospekti təmirə bağlanıb. Azneft dairəsindən Azadlıq meydanına qədər uzanan yolda təmir işlərinə ehtiyac yaranmasına səbəb kimi burada kommunikasiya xətlərində olan problemlər göstərilir. Belə ki, bununla bağlı tez-tez aparılan qazıntı və təmir işləri asfalt örtüyün sıradan çıxmasına səbəb olub.“Azəryolservis”in mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin sözlərinə görə, aparılan təmir-bərpa işlərinin 2 aya bitəcəyi gözlənilir.Bundan başqa paytaxtın Yasamal rayonu ərazisində, Şərifzadə küçəsində təmir işləri ilə bağlı nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Əsasən metronun “İnşaatçılar” stansiyası yaxınlığında aparılan təmir işləri demək olar ki, yekunlaşıb. İş icraçılarının verdiyi məlumata görə, təmir işləri bu gün artıq bitəcək.Dərnəgül yolunda 2011-ci ildən başlanan təmir-tikinti işlərinin isə yaxın zamanda yekunlaşması gözlənilmir. Belə ki, burada 4 yol qovşağının tikiləcəyi nəzərdə tutulub. Həmçinin tunelin tikilməsi də planlaşdırılır. Bütün işlərin isə yalnız 2013-cü ildə başa çatacağı gözlənilir.