Moskvadakı “Bakinskiy bulvar” şəbəkəsinin restoranlarından birində qətl törədilib. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, restorandakı iki qrup arasında başlayan dava atışmaya səbəb olub və ölümlə nəticələnib. İki gənc restoranda yeyib-içən qrupa yaxınlaşaraq, onların səs-küy salması ilə bağlı irad bildiriblər. Aralarındakı mübahisəni söyüşlə çözməyə başlayan şəxslər daha sonra əlbəyaxa davaya keçiblər. Bu zaman qonşu masanın arxasında daha bir qrup doğum günü qeyd edirmiş. İki gənc, o cümlədən doğum gününü qeyd edən şəxs dalaşanlara yaxınlaşaraq onları ayırmağa cəhd edib. Nəticədə hər iki gənc odlu silahla vurulub. Güllə gənclərdən birinin sinəsindən dəyib və o, olay yerindəcə keçinib. Doğum gününü qeyd edən gənc isə ayağından yaralanıb və xəstəxanaya aparılıb.