Bakı–Tbilisi qatar biletləri niyə bahadır? – “Hansı məntiqlə hesablandığı bilinmir”

Bakı–Tbilisi qatar biletləri niyə bahadır? –  “Hansı məntiqlə hesablandığı bilinmir”
ÖZƏL
15:43 20.05.2026
2201
Azərbaycan Dəmir Yolları Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının bilet qiymətlərini açıqlayıb.

Məlumata görə, marşrut üzrə səyahət tarifləri aşağıdakı kimidir:

* Bakı–Tbilisi — 81 AZN-dən
* Yevlax–Tbilisi — 67 AZN-dən
* Gəncə–Tbilisi — 62 AZN-dən
* Ağstafa–Tbilisi — 57 AZN-dən
* Böyük Kəsik–Qardabani — 51 AZN-dən başlayır

Qiymətlər ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bəzi vətəndaşlar tarifləri 2–3 ay əvvəldən alınan təyyarə biletlərinin qiymətləri ilə müqayisə edərək, fərqin böyük olmadığını bildirirlər.

İqtisadçı ekspert Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında qiymətlərin gözləniləndən baha olduğunu deyib:

"Bu, bir istiqamət üzrə olan qiymətlərdir. Əks istiqamət üzrə tariflər hələ məlum deyil. Yaxşı tərəfi odur ki, hələlik təyyarə biletlərindən ucuzdur. Amma gözləntilərlə müqayisədə qiymətlərin yüksək olduğu görünür. İnsanlar daha münasib tariflər olacağını düşünürdü.


Qiymətlərin hansı məntiqlə hesablandığını anlamaq çətindir. Əgər məsafəyə görə hesablanıbsa, bu da tam aydın görünmür. Məsələn, Böyük Kəsikdən Tbilisiyə məsafə çox qısa olsa da, biletin 51 manat olması suallar yaradır. Bütün bu məqamlar hələ açıq qalır”.

Ekspert əlavə edib ki, aviabiletlər yenə də daha bahadır:

"Gürcüstan tərəfindən geri dönüş biletlərinin qiymətləri də açıqlanandan sonra ümumi qiymətlə bağlı daha dəqiq fikir bildirmək mümkün olacaq. Amma təyyarə biletləri hələ də yüksək qiymətədir. Şəxsi təcrübəmdən deyə bilərəm ki, iyul ayı üçün əvvəlcədən aldığım gediş-gəliş aviabiletinə 492 manat ödəmişdim”.
OXŞAR XƏBƏRLƏR