Kiyevdə Ukraynanın eks-baş naziri Yuliya Timoşenkonun işi üzrə bu gün yenidən başlayan məhkəmə prosesi fasilədən sonra onun vəkillərindən biri olan Aleksandr Plaxotnyukun çıxışı ilə davam edib. Yuliya Timoşenkonun müdafiəçisi Yuriy Suxov isə onun məhkəmə zalında sərbəst buraxılmasını və bu işlə bağlı bəraət hökmünün çıxarılmasını xahiş edib. Yuriy Suxov təklifini onunla əsaslandırıb ki, Yuliya Timoşenkoya qarşı dövlət ittihamı ilə bağlı eks-baş nazirin fəaliyyətində cinayət tərkibinin mövcudluğuna dair hələ də heç bir dəlil tapılmayıb. Bu günki məhkəmə iclasının sonunda Yuliya Timoşenko da çıxış etməlidir. Məhkəmə binasının qarşısına isə Yuliya Timoşenkonun tərəfdarları toplaşıblar Qeyd edək ki, eks-baş naziri 7 ilədək həbs cəzası və dəymiş ziyana görə 200 milyon dollar cərimə gözləyir. Dövlət ittihamçısı bu cür cəzanı təklif edib. Hökm bu həftə ərzində artıq çıxarıla bilər. Xatırladaq ki, Yuliya Timoşenko 2009-cu ildə Rusiya ilə qaz razılaşmalarının imzalanması zamanı vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. Bu ittihamı rədd edən Yuliya Timoşenko qanun çərçivəsində fəaliyyət göstərdiyini bildirir, bu araşdırmanı isə Viktor Yanukoviç tərəfindən qisas hesab edir.