Bu gün mətbuatda yayımlanan xəbərə görə. jurnalist Rasim Əliyevin ölümünə görə həbs edilən “Qəbələ” futbol klubunun kapitanı Cavid Hüseynovun zaminliyə buraxılması ilə bağlı bir qrup media təmsilçisi Azərbaycan Prezidenti İlham Əliyevə və Baş Prokuroru Zakir Qaralova müraciət edib.
AZXEBER.COM olaraq müraciəti imzalayan jurnalistlərlə əlaqə saxladıq.
Avropa.info saytının baş redaktoru Ruslan Bəşirli müraciəti imzalamadığını ve belə bir addımdan xəbərsiz olduğunu deyib: "Futbolçu Cavid Hüseynovla bağlı edilən müraciətdə anlaşılmamazlıq nətəcəsində mənim də adım gedib. Bir çox saytlar mənim adımı artıq o siyahıdan çıxarıblar. Qalanlardan da xahiş edirəm adımı çıxarsınlar. Yenə də deyirəm, bu bir anlaşılmazalıq olub və mənim bundan xəbərim yoxdur.
"Türküstan" qəzetinin baş redaktoru Aqil Camal da eyni fikirləri bölüşüb:
"Bu gün bəzi saytlarda futbolçu Cavid Hüseynovun zaminə buraxılması ilə bağlı bir qrup media təmsilçisinin müraciətində mənim də adım qeyd olunub.Bildirmək istəyirəm ki, müraciətin təşəbbüsçüləri dünən mənimlə əlaqə saxlayıblar. Müraciətin mətnini istəmişəm. Bu gün isə belə bir xəbərin yayıldığını haqqında məlumat aldım. Dəqiqləşdirəndə, bildirdilər ki, müraciəti çatdırmaq imkanı olmayıb. Mənim Cavidlə bağlı fikirlərim birmənalıdı və bu haqda yazım da var".
Dünya İnformasiya Agentliyinin (DİA.AZ) baş redaaktoru Məhəmməd Ərsoy isə müraciətdən xəbərdar olduğunu deyib:
"Təbii ki, biz də həmkarımızın başına gələn faciədən üzülürük... Amma bu işdə Cavid Hüseynova qarşı ictrimaiyyətin köklənməsini doğru hesab etmirik. Hər kəs yaxşı bilirik ki, Cavid Hüseynov bir şəhid övladı olaraq vətəninə, millətinə bağlı adam olub və onun öz millətindən olan kiməsə qarşı hansısa formada - ölümünə belə düşmən ola biləcəyini güman etmirəm. Bir faciə baş verib. Və buna görə günahkarlar cavab verəcək. Cavid Hüseynov isə bu faciədə zərər çəkən tərəflərdən biridir... Allah şeytana lənət eləsin... "
Xalqxeber.com saytının rəhbəri Peyman Sadıqov isə deyib ki, söhbətin jurnalist, 7gun.az saytının baş redaktoru Cavid Şirəliyevdən getdiyini düşünüb və buna görə müraciətin imzalanmasına razı olub.
Qeyd edək ki, jurnalistlərin imzası ilə yazıldığı iddia olunan müraciətdə qeyd olunur:
"Cənab Prezident,Milli mətbuatın 140 illiyinin dövlət tərəfindən yüksək səviyyədə qeyd olunmasından bir neçə gün sonra jurnalist Rasim Əliyevin ölümü ilə nəticələnən olay hər birimizi içdən ağrıtdı. Mətbuat günündə medianı təltif edən dövlət başçısı kimi Sizin belə ağır gündə baş vermiş hadisəni şəxsən nəzarətə götürməniz sözün həqiqi mənasında mətbuatın dostu olmanızı bir daha təsdiqlədi. Həm bayramımızda, həm də faciəmizdə bizimlə birgə olmanız azad sözə və azad mediaya dövlətin ən böyük dəstəyidir. Mərhum həmkarımızın ölümü bizim hər birimizi kədərləndirdi. Sizin, medianın dostu olaraq, bu hadisəni şəxsən nəzarətə götürməniz həmkarımız Rasim Əliyevin qatillərinin öz cəzasını alacağına tam inam yaradır.
Cənab Prezident!
Baş vermiş cinayətlə bağlı həbsdə yatan “Qəbələ” futbol klubunun oyunçusu Cavid Hüseynov Azərbaycan bayrağının rəqib klubun azarkeşləri tərəfindən təhqir olunmasına etiraz edib. Onun “Qəbələ”futbol klubunu növbəti mərhələyə çıxaran qolu milli və idman şərəfimizin qorunması idi. Sonradan baş verən olayları istintaq aydınlaşdıracaq və Cavid Hüseynovun bu hadisədə iştirakını müəyyənləşdirəcək.
Cənab Prezident!
Cavid Hüseynovun “Qəbələ ” futbol klubunun növbəti oyununda azarkeş qismində belə iştirakı həm futbolçularımıza, həm də xalqımıza böyük ruh yüksəkliyi gətirərdi. Azərbaycan bayrağının şərəfini qoruyaraq həbsdə olmuş Ramil Səfərovun mümkün görünməyən azadlığına nail olan, dünyanın ən uca bayrağı kimi Bakıda Bayraq Meydanının yaradılmasına imza atan, son Avropa Oyunlarında Azərbaycan bayrağının ucaldılmasından və himnimizin səsləndirilməsindən yüksək qürur hissi keçirən Sizə müraciət edirik. Hazırda həbsdə olan “Qəbələ”futbol klubunun oyunçusu Cavid Hüseynovun vətənpərvərliyini, bayraq sevgisini, onun ittiham olunduğu maddənin ictimai təhlükəliliyinin az olmasını nəzərə alaraq, futbolçunun məhkəmə hökmünə qədər zaminə buraxılmasına yardımçı olmanızı xahiş edirik!