Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?

Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
İQTİSADİYYAT
12:53 30.10.2026
297
Bakıda bazarlarda meyvə-tərəvəzin qiyməti artıb. Bahalaşma bölgələrdən də yan keçməyib. Məhsulların alış qiymətinin yüksək olması onların alıcılara da baha təklif edilməsinə səbəb olur.

Bazarlarda mövsümi məhsullar bol olsa da, qiymətlər yüksəkdir.

Satıcıların sözlərinə görə, bu il məhsullar ötən illə müqayisədə daha bahadır. Belə ki, qiymətlərdə minimum artım kiloqram başına 50 qəpikdən çoxdur. 
Satıcılar qiymət artımının müxtəlif səbəblərdən qaynaqlandığını bildirirlər. Onların sözlərinə görə, bahalaşma davam edə bilər.
Alıcılar isə ən çox meyvələrin bahalaşdığını qeyd edirlər.

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında iqtisadi ekspert Asif İbrahimov bildirib ki, Azərbaycanda uzun illərdir kənd təsərrüfatına subsidiyalar ayrılır, fermerlərə güzəştli kreditlər verilir, texnika və gübrə təminatı üzrə dövlət dəstəyi göstərilir:

"Eyni zamanda, aqrar sahənin inkişafı üçün müxtəlif dövlət proqramları həyata keçirilir. Ancaq bütün bu dəstək mexanizmlərinə baxmayaraq, istehlakçı bazarda münasib qiymətə məhsul əldə etməkdə çətinlik çəkirsə, deməli, görülən işlərin nəticələri yenidən qiymətləndirilməlidir. Aqrar siyasətin icrasına cavabdeh olan qurumlar yalnız ayrılan subsidiyaların, verilən kreditlərin və həyata keçirilən layihələrin sayını hesabat kimi təqdim etməklə kifayətlənməməlidirlər. İstehsalın artımı, məhsuldarlıq, maya dəyəri, daxili bazarın təminatı və istehlakçı üçün formalaşan qiymətlər də həmin siyasətin nəticə göstəriciləri olmalıdır. Dövlət fermerə dəstək verir, lakin bu dəstəyin son nəticədə nə qədər hissəsinin istehsalın genişlənməsinə, nə qədərinin isə məhsulun maya dəyərinin azalmasına təsir etdiyi aydın görünməlidir.

Bu gün fermer gübrənin, yanacağın, suvarmanın, əməkhaqqının və daşınmanın baha olmasından şikayət edir, istehlakçı isə bazarda məhsulu baha alır. Belə bir vəziyyətdə aqrar siyasətin icraçıları məsuliyyəti yalnız bazar şərtləri və mövsümi amillərlə izah edə bilməzlər. Çünki kənd təsərrüfatının inkişafı üçün dövlət dəstəyinin əsas məqsədlərindən biri məhz istehsal xərclərini azaltmaq, məhsuldarlığı artırmaq və ərzaq təminatını yaxşılaşdırmaqdır”.

Müsahibimiz əlavə edib ki, digər ciddi problem məhsulun istehsalçıdan istehlakçıya çatdırılması zənciridir:

"Fermer məhsulunu aşağı qiymətə satır, istehlakçı isə həmin məhsulu xeyli baha alırsa, aradakı qiymət fərqinin harada və hansı xərclər hesabına yarandığı araşdırılmalıdır. Topdansatış bazarlarının, logistika sisteminin, anbar infrastrukturunun və vasitəçilik mexanizmlərinin səmərəliliyi ilə bağlı suallar cavablandırılmalıdır.  Aqrar sahədə illərdir subsidiyalaşdırma aparılır, amma fermerin istehsal xərcləri və istehlakçının bazarda ödədiyi qiymət arasında arzuolunan iqtisadi nəticə formalaşmırsa, subsidiya mexanizmlərinin effektivliyi də müzakirə olunmalıdır. Dövlət dəstəyi öz-özlüyündə nəticə hesab edilə bilməz. Onun iqtisadi səmərəsi konkret göstəricilərlə ölçülməlidir. Mən hesab edirəm ki, aqrar siyasətin icrasına cavabdeh olan qurumlar qarşıya qoyulan hədəflərin nə dərəcədə yerinə yetirildiyi barədə cəmiyyətə açıq hesabat verməlidirlər. Nə qədər subsidiya ayrılıb, bunun müqabilində məhsuldarlıq nə qədər artıb, fermerin maya dəyəri nə qədər azalıb, daxili bazarda yerli məhsulun payı necə dəyişib və bütün bunlar istehlak qiymətlərinə necə təsir edib? Bu sualların cavabı olmalıdır. Aqrar siyasətin uğuru ayrılan vəsaitin həcmi ilə deyil, fermerin daha az xərclə daha çox məhsul istehsal etməsi və vətəndaşın həmin məhsulu münasib qiymətə əldə edə bilməsi ilə ölçülməlidir. Əks halda, dövlət dəstəyi davam etsə də, onun iqtisadi və sosial nəticələri cəmiyyətin gündəlik həyatında hiss olunmayacaq”.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR