Bazarlarda erkən qarpız və yemiş satılır - Bunlara diqqət edin...

Bazarlarda erkən qarpız və yemiş satılır - Bunlara diqqət edin...
SOSİAL
16:07 30.06.2026
305

"Hazırda bazarda satılan qarpız və yemişləri istehlak etmək olar. Lakin onların təhlükəsizliyi məhsulun yetişdirilmə üsulundan daha çox, becərilmə, saxlanma və satış qaydalarına əməl olunmasından asılıdır".

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında qida eksperti Fərid Səfərov səsləndirib.

Ekspert bildirib ki, qarpızın mövsümdən əvvəl satışa çıxarılması onun zərərli olması demək deyil:

"Qarpızın mövsümdən əvvəl satışda olması məhsulun zərərli olduğunu göstərmir. İstixanada yetişdirilən qarpız və yemişlərin əsas riski onların istixana məhsulu olması deyil. Təhlükə aqrotexniki qaydalara əməl edilmədikdə yaranır. Məsələn, azotlu gübrələr normadan artıq istifadə olunarsa, məhsulda nitratın səviyyəsi arta bilər. Eyni zamanda, pestisidlərin tətbiqi qaydalarına və gözləmə müddətinə riayət edilmədikdə onların qalıqları məhsulun tərkibində qala bilər".

Fərid Səfərov vurğulayıb ki, istehlakçılar qarpız və yemiş alarkən bütöv və zədələnməmiş məhsullara üstünlük verməlidirlər:

"Düzgün saxlanılmayan və ya kəsildikdən sonra isti şəraitdə uzun müddət qalan qarpız və yemişlərdə mikroorqanizmlər sürətlə çoxala bilər ki, bu da qida zəhərlənməsi riskini artırır. İstehlakçılar alarkən bütöv, zədələnməmiş, çatlamamış və çürümə əlaməti olmayan məhsulları seçməlidirlər. Kəsilmiş qarpız və yemiş isə yalnız soyuducu şəraitdə saxlanıldığına əmin olduqda alınmalıdır. Evdə istifadə etməzdən əvvəl məhsulun qabığı yaxşı yuyulmalı, kəsildikdən sonra isə soyuducuda saxlanmalı və mümkün qədər 1–2 gün ərzində istehlak edilməlidir".

Ekspertin sözlərinə görə, əsas məsələ məhsulun istixanada yetişdirilməsi deyil, onun təhlükəsizlik tələblərinə uyğun istehsal və saxlanılmasıdır:

"Etibarlı mənbədən alınan, düzgün şəraitdə saxlanılan qarpız və yemişlər sağlam insanlar tərəfindən təhlükəsiz şəkildə istehlak oluna bilər."

Şəhanə Ziyad

OXŞAR XƏBƏRLƏR