Bakı Dövlət Universiteti ziyalılarının 15 noyabr 2011-ci il tarixli «Azərbaycan» qəzetində respublika ziyalılarına müraciəti çap olunub. Həmin müraciətdə Ziyalılar Forumunun mövqeyinin haqsız və ədalətsiz olduğu bildirilib. Müraciətə imza atmış 245 nəfərdən 2-si – akademik Cəlal Allahverdiyev və professor Qulu Məhərrəmli sonradan kütləvi informasiya vasitələrinə bu barədə çaşqınlıq yaradan bəyanatlar veriblər. Modern.az-ın məlumatına görə, hər iki şəxs bildidb ki, BDU-da onlar başqa müraciətə imza atıblar, sonradan isə KİV-ə fərqli bəyanat təqdim olunub.Məsələ ilə bağlı BDU-nun mətbuat xidmətindən bildirlib ki, sözügedən bəyanatlarla əlaqədar müraciətdə imzası olan onlarla ziyalı BDU-nun rəhbərliyinə müraciət edib, Cəlal Allahverdiyevlə Qulu Məhərrəmlinin bu hərəkətinə qarşı öz etiraz və iradlarını bildiriblər. “Onlar ilk növbədə Azərbaycan Dövlət Neft Akademiyasının bir kafedra müdirinin işdən xaric olunması ilə bağlı yaranmış səs-küyə münasibət bildirmişlər. Ziyalılarımızı maraqlandırır ki, son aylar ərzində respublikada gedən islahatlarla əlaqədar müxtəlif instansiyalarda aparılan kadr dəyişiklikləri, o cümlədən respublika təhsil nazirinin 3 müavininin, BDU-da 5 prorektorun, 8 dekanın, bir neçə kafedra müdirinin tutduqları vəzifədən azad olunmaları nə üçün Ziyalılar Forumunun diqqətini çəkməmişdir? Bu adamların əksəriyyətinin YAP, bəziləri YAP Siyasi Şurasının üzvü olmasına, bir qisminin alim kimi Rafiq Əliyevdən heç də geri qalmamasına baxmayaraq, vəzifələrindən kənarlaşdırılmaları cəmiyyətdə normal hal kimi qarşılanmışdır. BDU-nun ziyalılarını narahat edir ki, həmin müraciətə imza atan 245 nəfərdən nə üçün məhz bu iki nəfəri belə səs-küy yaratmaq istəyirlər? Axı onlar da bizimlə birgə həmin bəyanata bir ziyalı kimi imza atıblar. İndi onları hansı qüvvə məcbur edir ki, fikirlərindən dönsünlər? Nə üçün onlar «düşmən dəyirmanına su tökmək» istəyirlər? Hansı səbəbdən onlar ziyalıya yaraşmayan hərəkət edərək sözlərini danırlar? Kiminsə göstərişi ilə onlar süni qarışıqlıq yaratmaq istədiklərini bilirlərmi? Bir gün keçməmiş öz imzasını danan belə ziyalılara nə ad vermək olar? Bəlkə də düşünülmüş şəkildə imzalarını danmaqla onlar qarışıqlıq yaratmağa cəhd edirlər. Bütün bunları nəzərə alaraq, hər iki alimin mətnin altındakı imzalarını və aşağıdakı açıqlamaları ictimaiyyətə çatdırmaq qərarına gəldik:Hər iki alim müraciəti oxuyub razılaşdıqdan sonra heç bir əlavə şərh vermədən imza atıblar. Akademik Cəlal Allahverdiyevin verdiyi bəyanat, bildirdiyi fikirlər absurd və məntiqsizdir. Onun səsləndirdiyi iradlar həqiqəti əks etdirmir. O, sadəcə müraciətə imza atmış, əlavə heç bir yazılı və şifahi qeyd etməmişdir. Professor Qulu Məhərrəmli mətni diqqətlə oxumuş və ona heç bir irad bildirmədən qol çəkmiş, onun imzaladığı müraciət də heç bir dəyişiklik olmadan mətbuatda dərc olunmuşdur”-deyə BDU-nun Mətbuat və informasiya şöbəsi bəyan edib.