BDU Jurnalistika fakültəsinin müəllimi Zaur Babayev beynəlxalq forumda ana dilimizə hörmətsizlik etdi (FOTO)
MEDİA
21:33 11.10.2011
6595
Bu gün Badamdar “Kempinski” oteldə Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Sosial jurnalistika və yüksək texnologiyalar” mövzusunda bölmə iclası keçirilib. İclasda jurnalistikanın tamamilə yeni növü olan sosial jurnalistikada yüksək texnologiyaların tətbiq edilməsi məsələsi müzakirə edilib. AZXEBER.COM-un məlumatına görə, forumda iştirak edən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Zaur Babayevin çıxışı birmənalı qarşılanmayıb. Forumun moderatoru Türkiyənin “Anadolu” agentliyinin baş direktoru Kamal Öztürk Zaur Babayevi ev sahibi kimi təqdim edib və sözünü ona verib. Jurnalistika fakültəsinin müəllimi isə çıxışını Azərbaycan dilində başlasa da, 2 cümlə söylədikdən sonra nitqini rus dilində davam etdirib. Bu hərəkət zalda əyləşən tələbə-jurnalistləri və müəllimləri təəcübləndirib. Tələbələr müəllimin rus dilində danışdığını görüb, qulaqcıqdan istifadə ediblər. Forumun moderatoru Kamal Öztürk də bu çıxışa təəcüblənib. Məsələylə bağlı AZXEBER.COM-a danışan BDU Jurnalistika və Slavyan Dövlət Jurnalistika fakültəsinin tələbələri bu hərəkəti ilk növbədə ana dilimizə, daha sonra isə özlərinə təhqir kimi qəbul etdiklərini bildiriblər. Forumda digər spikerlər Azərbaycan dilində çıxış ediblər. Qeyd edək ki, Zaur Babayev BDU Jurnalistika fakültəsində Azərbaycan və rus dillərində dərs deyir. Amma görünən odur ki, Babayev beynəlxalq forumlarda ana dilimizdə yox, rus dilində danışmağa üstünlük verir.