BDU-nun şadlıq evini xatırladan yemekxanasından reportaj (FOTOLAR)

GƏNCLİK
20:52 26.10.2011
21412
“Uşaqların sağlamlıqlarına qayğı göstərmək hər bir müəllim və tərbiyəçinin önəmli işlərindən biridir. Öz güclərinə inamı, dünya görüşləri, mənəvi həyatları, biliklərinin gücü, zehinlərinin açıq olması onların həmişə gümrah və şən olmalarından asılıdır”Məşhur sovet müəllimi Vasiliy Suxomlinskinin bu sözlərinə sovet dövrünün məktəb yeməkxanalarında tez-tez rast gəlmək olardı və vaxtdan, dövrdən asılı olmayaraq bu sözlərin aktuallığını itirəcəyinə inanmırıq. Çünki sağlam qidalanma insan sağlığının ən önəmli hissəsidir.Uşaqlarını məktəbə və ya universitetə göndərən hər ana, onun orada nə yeyəcəyindən həmişə narahatdır. Çantasına evdə hazırlanmış buterbrod və meyvə qoyan bir məktəblinin anası bu məsələni qismən də olsa həll edirsə, vaxtının bir çox qismini universitetdə keçirən tələbə anası tamamilə orada fəaliyyət göstərən yeməkxanalara ümid bağlayır.Bakı Dövlət Universitetində fəaliyyət göstərən yeməkxanalar haqqında hazırladığımız reportaj, ilk növbədə, burada oxuyan tələbələrin analarına narahatçılıq üçün heç bir əsas olmadığını göstərəcək.BDU-nun yeməkxanalar şəbəkəsinin quruluşuDörd tədris korpusdan ibarət olan Bakı Dövlət Universitetinin hər korpusunda biri müəllim, digəri isə tələbələr üçün olan iki yeməkxana zalı fəaliyyət göstərir. Bunların hər biri, əsas binadakı zal istisna olmaqla, 60-70 nəfərə qulluq edir. Əsas binada isə 350 nəfərlik böyük yeməkxana tələbələrə və 80 nəfərlik professor-müəllim heyətinə xidmət göstərir. Bundan əlavə, tələbələrin ad günlərini keçirmələri üçün musiqi mərkəzi ilə təchiz edilmiş xüsusi banket zalı və BDU-ya gələn çox sayılı xarici, o cümlədən yerli qonaqları qarşılamaq üçün VİP zalı var. BDU-nun güllü-çiçəkli yaşıl həyətində çay içmək və ya nahar etmək istəyənlər üçün isə yay kafesi fəaliyyət göstərir.BDU-nun tələbə və müəllimləri nə yeyir?Yeməkxanalarda menyu müəllim və tələbələrin daha çox üstünlük verdikləri yeməklərdən ibarətdir. Məsələn, müəllimlər üçün nəzərdə tutulan zallarda daha çox sulu yeməklərə, milli mətbəximizdən hər cür dolma, aş, qutab və bənzər yeməklərə tələbat çox olduğu halda, tələbələr daha çox qızardılmış kartof, sendviç və piroşkilərə üstünlük verirlər. Ümumiyyətlə günlük menyuya 2-3 cür birinci və 8-10 çeşiddən çox ikinci yeməklər əlavə olunur. Bundan başqa, bir necə növ pirojna, tort, piroşki, bulka, sendviç, çərəzlər, hər cür soyuq və isti içkilər verilir. Yeməkxanalarda ayrıca dönər və hotdoq aparatları da işlədilir. Bunlar tələsənlərin işinə çox yarayır. Son vaxtlarda universitetin mətbəxində gənclər arasında çox məşhur olan pizzanın da hazırlıgına başlanmışdır. Görəsən universitetin rektoru harada nahar edir? Onun üçün ayrı qazan qaynayırmı? Rektorun da eyni qazandan yediyini öyrənəndə heç təəccüblənmədik. Bu cur ləzzətli yeməkləri kim yeməz ki?!Bəs yeməklər harada hazırlanır?Masalarda olduqca iştah açıcı görünən yeməklər, görəsən, harada hazırlanır? Hər hansı yeməkxananın ürəyi olan mətbəxə keçirik. Yeməkxananın mətbəxi bir neçə sexdən ibarətdir. Şirniyyat sexində tortlar, pirojnalar və universitetin məşhur paxlava və şəkərburaları, piroşki sexində bir neçə növ piroşki, bulka sexində bulkalar, kətələr bişirilir. Hətta qutab və blinçiklər də ayrı sexdə hazırlanır. Əsas mətbəxdə isə bütün isti yeməklər bişirilir, soyuq qəlyanaltılar servisə hazırlanır. Hətta manqalda kabab yemək istəyənlər də burda hazırlanan lülə kababın şəhərimizin ən məşhur restoranlarında hazırlanan kabablardan geri qalmadığını görə bilərlər. Qeyd etmək lazımdır ki, yeməklərə yalnız konservantsız bitki və kərə yağları istifadə olunur.Universitetin “ləzzətli və dadlı” strukturuna rəhbərlik edən Abdulrəhim Hacıyev yeməklərin ayrı-ayrı sexlərdə bişirilməsinin sanitar qaydalara riayət etmək üçün nəzərdə tutulduğunu bildirdi. Mətbəxdə hakim olan səliqə-sahman, işçilərin ağ xələt və qalpaqda olmaları deyilənlərin təsdiqi kimi qəbul edilməlidir. Əbəs yerə deyilmir ki, hərə görə biləcəyi işə girişməlidir. Abdulrəhim müəllimin Xalq Təsərrüfatı İnstitutunun ictimai iaşə fakültəsindən məzun olması, işlərin bu qədər dəqiq qurulmasına çox kömək edir. 12 ildir BDU-nun yeməkxanalarına rəhbərlik edən Abdulrəhim müəllim zalların 3 il öncə əsaslı təmirdən çıxdığını və vaxtaşırı cari təmirlərin yerinə yetirildiyini bildirdi.Burdakı ucuz qiymətlər tələbə və müəllimlərin kisəsinə uyğundurDaha çox tələbələr üçün nəzərdə tutulan yeməkxanalarda, təbii ki, qiymətlər onların cibinə uyğun tənzimlənməlidir. Bir çaynik çayın 20 qəpik olduğunu öyrənəndə çox heyrətləndik. Görəsən şəhərdə başqa belə bir yer varmı ki, bir çaynik çay 20 qəpik olsun. Yeməklərə olan qiymətlərlə maraqlandıq. Ən ucuz yemək 50 qəpik ilə başlayır, ən bahalı isə 2 manat 50 qəpik ətrafında tənzimlənir. Nazik lavaşa bükülmüş, ədviyyatlar əlavə edilmiş lülə kababın dadına baxdıq. Qiymətinin cəmi 1 manat olduğunu öyrənəndə isə iştahamız daha da artdı.BDU-nun mətbəxində bişən ləziz yeməklərin dadı xariciləri də heyrətləndirirUniversitetin müxtəlif tədbirlərinə gələn çoxsaylı xarici və yerli qonaqlara verilən yeməklərdə milli mətbəximizin ən gözəl nümunələri təqdim olunur. Xarici qonaqlar buradakı yeməklərin dadını uzun müddət unuda bilmirlər. Eşitdiyimizə görə, bu yaxınlarda Qazaxıstandan gələn xarici qonaqların şərəfinə universitetdə verilən günorta yeməyində Qazaxıstanın Azərbaycandakı səfiri yeməklərin dadından həzz alaraq: “Yaxşı tanıdığım səfir həmkarım eşidəndə ki, mən Bakı Dövlət Universitetinə gedirəm, burada yeməkxanada verilən yeməklərə şəhərin ən gözəl restoranlarında verilən yeməklər belə çatmaz, dedi. Görürəm ki, həmkarım həddindən artıq haqlıymış ”, - deyib. Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi və bir çox başqa xarici qonaqlar buradakı yeməklər və xidmət haqqında ən xoş təəssüratlarını bildiriblər.Ad günlərini universitetdə qrup yoldaşları arasında keçirmək indiki tələbələrə qismət olduYəqin ki, hər bir tələbə öz ad gününü qrup yoldaşları arasında, oxuduğu doğma universitetində keçirmək arzusundadır. Tələblərin ad günlərini və ya başqa əziz günlərini birgə keçirmələri üçün BDU-da açılan banket zalı, xüsusi olaraq musiqi mərkəzi və diskoteka işıqları ilə təchiz edilmişdir. İstəyən hər bir tələbə öncədən rəhbərliyə məlumat verərək öz qrup yoldaşlarını ad gününə məhz buraya dəvət edə bilər. Adətən belə yığıncaqlarda tələbələr şamlarla bəzədilmiş tortu kəsərək bir yerdə çay süfrəsinə otururlar, sonra isə ən son musiqi kompozisiyaları altında rəqs edirlər. Tort üçün də uzağa getmirlər. Elə burada şirniyyat sexində hazırlanan tortlar həm qiymətdə sərfəli olur, həm də dadda və ləzzətdə məşhur mağazaların tortlarından geri qalmır.Reportajı hazırladığımızda bu banket zalında Cografiya fakültəsinin I kursundan 5 tələbənin birləşərək ad günlərini keçirmələrinin şahidi olduq. Onların sevincini təsvir etməkdənsə, çəkdiyimiz fotoşəkillə göstərməyin ən düzgün olduğu qənaətinə gəldik.Belə, Bakı Dövlət Universitetinin yeməkxanaları sanitar qaydalara, ciddi şəkildə əməl edilən səliqə-səhmana, qiymətlərin münasibliyinə, modern dizayna, yeməklərin dadına və keyfiyyətinə görə nümunə olacaq səviyyədədir.Ən mühümü isə odur ki, professor-müəllim heyəti, tələbələr və bütün əməkdaşlar üçün yaradılmış bu gözəl işin başında BDU rektoru, akademik Abel Məhərrəmov şəxsən dayanır. Rektor həm də şəhid ailələri və digər sosial təminatları zəif olan tələbələr gündə bir dəfə pulsuz yemək verilməsinə də şəxsən özü nəzarət edir…

Bakı Dövlət Universiteti, Mətbuat və İnformasiya şöbəsi

OXŞAR XƏBƏRLƏR