"Bəzi nazirliklər yenə də sahibkarları, insanları incidirlər" - Millət vəkili

"Bəzi nazirliklər yenə də sahibkarları, insanları incidirlər" - Millət vəkili
Bütün Xəbərlər
15:00 30.01.2016
1448

"Prezidentin qoyduğu birbaşa tapşırıqlardan sonra ölkədə korrupsiya və inhisarçılıqla mübarizə istiqamətində müəyyən düzəlişlər, irəliləyişlər var. Belə ki, bəzi nazirlər dərhal öz qurumlarında müəyyən məqsədə xidmət edən yoxlamalarını dayandırıblar. Mən ad çəkmək istəmirəm, bunu cəmiyyət özü də müzakirə edir və bilir. Amma bəzi nazirliklərdə hələ də cənab prezidentin göstərişlərinin yalnız imitasiyası gedir. Yəni üzdə özlərini elə göstərirlər ki, bu istiqamətdə guya iş aparırlar, lakin altdan-altdan yenə də iş adamlarını, sahibkarları, ayrı-ayrı insanları incidirlər".

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə prezident İlham Əliyevin dövlət qurumları qarşısında ölkədə inhisarçılıq və korrupsiyaya qarşı mübarizə ilə bağlı qoyduğu tapşırıqların icrası ilə bağlı mövcud vəziyyəti şərh edərkən deyib.

Millət vəkilinin fikrincə, dövlət başçısının son və ondan əvvəlki müşavirələrdə bu istiqamətdə çox sərt şəkildə ortaya qoyduğu məsələlər tezliklə mütləq öz həllini tapmalıdır: "Hesab edirəm ki, bu imitasiyalar uzun çəkə bilməz və yaxın müddətdə bunların üstü yenidən açılacaq. Bu dəfə isə cənab prezident sözdən, xəbərdarlıqlardan konkret işə keçəcək və belə məmurların cəzalandırılması məsələsini ortaya qoyacaq".

Ç.Qənizadənin sözlərinə görə, ölkədə sahibkarlığa dəstəyin verilməsi ilə bağlı müəyyən tapşırıqlar olsa da, bəzi çətinliklər hələ də yaşanır. Amma dövlət başçısının müəyyən təkliflərini və kəskin mövqeyini bir daha ortaya qoyması insanlarda ruh yüksəkliyi yaradıb: "Dünyada baş verən siyasi-iqtisadi proseslər, təbii ki, Azərbaycana da təsir etməli idi və edir. Lakin əminəm ki, biz cənab prezidentin başçılığı altında ölkədə rüşvət və korrupsiya, eləcə də inhisarçılıqla bağlı problemlərin tədricən aradan qaldırılması ilə yanaşı, həm də yeni bir dirçəlişin şahidi olacağıq. Fikrimcə, uzağı bir neçə aydan sonra ölkədə artıq hər şeyin tənzimlənməsi istiqamətində daha uğurlu addımlar atıldığının şahidi olacağıq".

OXŞAR XƏBƏRLƏR