Binəqədidə Ulu Öndərin siyasi fəaliyyətinə həsr olunan tədbir keçirildi - FOTOLAR

Binəqədidə Ulu Öndərin siyasi fəaliyyətinə həsr olunan tədbir keçirildi - FOTOLAR
SOSİAL
15:38 14.07.2026
215
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş "14 iyul 1969-cu il: Tarixi dönüş və Azərbaycanın milli inkişaf yolunun başlanğıcı" adlı tədbir keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova, Milli Məclisin deputatları, YAP nümayəndələri, ziyalılar, ictimai təşkilatların rəhbərləri və media nümayəndələri iştirak ediblər.

İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq onun və Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad edib, daha sonra Dövlət Himni səsləndirilib.

Tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən arxiv sənədləri, fotoşəkillər və nəşrlərdən ibarət sərgi nümayiş olunub.

İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova çıxışında bildirib ki, 14 iyul 1969-cu il Azərbaycanın tarixində dönüş nöqtəsi olub və həmin dövrdə həyata keçirilən siyasət ölkənin gələcək inkişafı və dövlət müstəqilliyi üçün möhkəm təməl formalaşdırıb.

Tədbirdə həmçinin Arxiv tərəfindən hazırlanmış "Heydər Əliyev və Azərbaycan milli mədəniyyəti" silsiləsindən "Teatr və kino" və "Musiqi mədəniyyəti" kitablarının təqdimatı keçirilib. Bildirilib ki, nəşrlərdə Ulu Öndərin mədəniyyət siyasətini əks etdirən arxiv sənədləri ilk dəfə sistemli şəkildə oxuculara təqdim olunur.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxışında 14 iyul 1969-cu ilin Azərbaycanın inkişaf tarixində xüsusi yer tutduğunu vurğulayaraq, Heydər Əliyevin rəhbərliyi dövründə ölkənin siyasi, iqtisadi və mədəni inkişafının möhkəm əsaslarının yaradıldığını qeyd edib.

Tədbirdə çıxış edən digər natiqlər də Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsindən, milli-mənəvi dəyərlərin qorunması və müasir Azərbaycanın inkişafında oynadığı roldan bəhs edərək, bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər.

Sonda İctimai-Siyasi Sənədlər Arxivinin fondlarında mühafizə olunan 1969–1982-ci illərə aid materiallar əsasında hazırlanmış sənədli xronika nümayiş etdirilib. 

 

 

 


 


OXŞAR XƏBƏRLƏR