Ukraynanın Baş naziri Nikolay Azarov 2014-cü ilin sonunadək ölkəsinin Azərbaycandan ildə 2 milyard kubmetr, bir il sonra 5 milyard kubmetr həcmində maye qaz alacağını bəyan edib. Onun sözlərinə görə, üç il sonra Ukrayna 10 milyard kubmetrədək maye qaz qəbul etmək ümidindədir. Bu barədə Ukrayna Regionlar Partiyasının (RP) mətbuat xidməti yayıb.Hökumətin başçısı bildirib ki, Ukrayna və Azərbaycan Odessa vilayətində inşa edilməsi nəzərdə tutulan LNG-terminalın maye qazla təchizatının texniki-iqtisadi əsaslandırmasının hazırlanması üçün müştərək müəssisə yaradacaqlar.Nikolay Azarov deyib: “Terminalın inşası üzrə layihənin texniki-iqtisadi əsaslandırmasını İspaniyanın SOCOIN şirkəti hazırlayıb. İlkin hesablamalara görə, onun inşasına bu il başlamaq mümkündür”.Ukrayna hökumətinin başçısı vurğulayıb: “Hazırda ölkələrimizin hökumətləri tərəfindən müvafiq ikitərəfli saziş, habelə təbii maye qazın Azərbaycan Respublikasından Ukraynaya daşınmasının təşkili üçün texniki-iqtisadi əsaslandırmanın işlənib hazırlanması üzrə müştərək şirkətin yaradılması haqqında Protokol hazırlanır”.