Biznes sahibi olan məşhurlar: Kim hansı sahəyə sərmayə yatırıb?

Biznes sahibi olan məşhurlar: Kim hansı sahəyə sərmayə yatırıb?
MAQAZİN
14:40 07.07.2026
355
Son illər Azərbaycanda bir sıra məşhur simalar qazanc mənbələrini genişləndirərək müxtəlif sahələrə sərmayə yatırırlar. Onların arasında restoran, kafe, geyim, gözəllik və qida sektorunda fəaliyyət göstərən, öz adları ilə brendlər yaradan sənətçilər də var.

Bəzi məşhurlar biznes layihələrini uzun müddət davam etdirsə də, bəzilərinin yaratdığı obyektlər müəyyən müddətdən sonra fəaliyyətini dayandırıb.

AZXEBER.COM şou-biznes nümayəndələrinin sahib olduğu və ya vaxtilə fəaliyyət göstərən bizneslərini araşdırıb.

Meyxanaçı Aqşin Fateh iyulun 3-də Quba rayonunda yeni restoranının açılışını edib. Sənətçi sosial media hesabında paylaşım edərək obyektin "By Fateh” adlanacağını açıqlayıb.

Qeyd edək ki, Aqşin Fatehin Bakıda da eyni adlı restoranı fəaliyyət göstərib, lakin həmin obyekt sonradan bağlanıb.


Xalq artisti, müğənni Tünzalə Ağayeva da biznes sahəsinə maraq göstərən sənətçilərdəndir. Onun "Sevmeli by Tunzale” adlı şokolad istehsal edən brendi fəaliyyət göstərir.

Müğənni Günay İbrahimlinin isə öz adına yaratdığı geyim brendi var. Sənətçi moda sahəsində fəaliyyət göstərərək şəxsi markasını inkişaf etdirir.

Müğənni Yaşar Cəlilov da biznes fəaliyyəti ilə məşğul olan sənətçilər sırasındadır. O, "Ulduzum by Yaşar Cəlilov” adlı gözəllik salonunun sahibidir.

Müğənni Niyam Salami illər əvvəl fəaliyyət göstərən "By Niyam” restoranını bağladıqdan sonra biznes fəaliyyətini başqa istiqamətdə davam etdirib. 

Hazırda sənətçinin Xəzər sahilində yerləşən "Aysberq Resort” kompleksini idarə etdiyi bildirilir. O, eyni zamanda axşam saatlarında restoranın şou proqramlarında səhnəyə çıxır.

Aparıcı Çinarə Əliyevanın da restoran biznesi var. O, İçərişəhərdə fəaliyyət göstərən "Brilliantovaya Ruka” kafesinin sahibidir. 

Vaxtilə əkiz müğənnilər Sevil və Sevinc Səfərova bacılarının da restoran biznesi olub. Onlara məxsus "Mozarella Baku” adlı restoran müəyyən müddət fəaliyyət göstərsə də, sonradan bağlanıb.

Aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov da biznes sahəsində özlərini sınayıblar. 

Onlar bir müddət "Bu şəhərdə” adlı restoran fəaliyyət göstəriblər. Lakin həmin obyekt də sonradan fəaliyyətini dayandırıb.


Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR