Ötən gün“Bu zalım dünyada doğulma” serialının yayımının dayandırılması ilə bağlı bölgələrdən gələn insanlar “Space” televiziyasının önündə yığışıb.
Etibarlı mənbədən AZXEBER.COM-a verilən məlumata görə, televiziya binasının önünə toplaşan 20-yə yaxın şəxs seriala görə bölgələrdən gəldiklərini bildiriblər. Onlar serialla bağlı yaradılan “Kim haqlıdır?” verilişinin yayımlanmayacağını eşitdikdən sonra daha çox aqressiv münasibət göstəriblər.
Mənbənin verdiyi bir digər məlumata görə, serialla bağlı yaradılan “Kim haqlıdır?” verilişi ilə bağlı kanalın telefonları susmaq bilmir: “İnsanlar hər gün kanala zəng edərək Amacinin yoxsa Siyanın haqlı olması ilə bağlı fikirlərini bildirirlər. Onlar verilişin davam olmasını xahiş edirlər. Gün ərzində demək olar ki, kanala edilən müraciətlər məhz serialla bağlıdır”.
Mənbənin sözlərinə görə veriliş bu gün yayımlanmasa da, bu verilişin bağlanması mənasına gəlmir. Buna səbəb isə, verilişin insanlar tərəfindən böyük marağa səbəb olması göstərilir.
Qeyd edək ki, bu gün Azərbaycanın Milli Televiziya və Radio Şurası (MTRŞ)açıqlamasında xarici serialların yayımının dayandırılması ilə bağlı qərarına məhəl qoymayan “Space” telekanalına qarşı sərt tədbir görəcəyini bildirib. Bu barədə MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, Azərbaycandakı telekanalların əksəriyyəti MTRŞ-nın mayın 1-dən xarici serialları dayandırmaqla bağlı qərarına əməl edib: “Yalnız “Space” kanalı ilə bağlı problem var. Bu problem də qanunauyğun şəkildə həll ediləcək. Şura mayın 7-də bu məsələni ciddi şəkildə müzakirə edib qanuna uyğun olaraq telekanala qarşı cəza tədbiri görəcək”. N. Məhərrəmli bildirib ki, bu cür hallar qətiyyən yolverilməzdir və heç bir telekanal bu metodlardan istifadə edə bilməz: “Bu metodlar onlara xeyir gətirməz”. “Space” telekanalının icraçı direktoru Kamil Şahverdiyev isə APA-ya açıqlamasında bildirib ki, MTRŞ-dan kanala bununla bağlı müraciət olunub. İcraçı direktor hər hansı açıqlamanı MTRŞ nümayəndələri ilə görüşdən sonra verə biləcəyini deyib.