İspaniya hökuməti növbədənkənar parlament seçkilərinə hazırlığa başlayıb, yekun qərarı baş nazir Pedro Sançes verməlidir.
Bu barədə "Bloomberg" baş nazirə yaxın üç mənbəyə istinadən məlumat yayıb.
Nazirlər, hökumətin və Sosialist Partiyasının yüksək vəzifəli nümayəndələri ötən həftə parlamentdəki məğlubiyyətdən sonra növbədənkənar seçkilərin keçirilməsini dəstəkləyiblər.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Sançes həftəsonu yüksək vəzifəli nümayəndələrlə məsləhətləşmələrdən sonra elə bazar ertəsi, oktyabrın 5-də ehtimal olunan növbədənkənar seçkilər barədə bəyanatla çıxış edə bilər. Bununla belə, o, növbədənkənar seçkilərin keçirilməsindən imtina edə bilər.
Cümə günü parlament hökumətin mənzil sahəsindəki iki qanun layihəsini rədd etdikdən sonra növbədənkənar seçkilərin müzakirəsi fəallaşıb. 2023-cü ildən bəri Sançesin rəhbərlik etdiyi koalisiya qanun layihələrini parlamentdən keçirməkdə dəfələrlə uğursuzluğa düçar olub. "Lakin mənzil əlçatanlığı onun tərəfdarları üçün əsas mövzulardan biri olduğundan, son məğlubiyyət xüsusilə həssas olub", - "Bloomberg" yazıb.
///report///









































