Avropa İttifaqında Çinin iqtisadi ekspansiyasına qarşı daha sərt tədbirlərin görülməsi üçün siyasi dəstək sürətlə artır. Avropa Parlamentində hətta bir-birindən kəskin fərqlənən siyasi qüvvələrin Pekinə münasibətdə ortaq mövqeyə yaxınlaşdığı bildirilir.
Bu barədə "Politico” yazıb.
Avropa Parlamentinin Çinlə ticarət münasibətləri üzrə məruzəçisi, fransalı liberal deputat Paskal Kanfen nəşrə bildirib ki, deputatlar Pekinə qarşı daha sərt iqtisadi tədbirləri dəstəkləməyə hazırdırlar.
Kanfen Çinin məqsədləri barədə olduqca sərt danışıb: "Çin siyasətinin bütün məqsədi öz gücünə, öz dəyərlərinə və Kommunist Partiyasının diktaturasına əsaslanan yeni dünya nizamının lideri olmaqdır”.
Brüsselin əsas narahatlıqlarından biri Çinlə ticarətdə yaranmış nəhəng balanssızlıqdır. Aİ-nin Çinlə ticarət kəsiri hazırda gündə təxminən 1 milyard avroya çatır.
Çin mallarının Avropa bazarına sürətlə daxil olması yerli istehsalçılar üzərində təzyiqi artırır. Xüsusilə avtomobil və kimya sənayesində zavodların bağlanması fonunda Avropanın sənayesizləşməsi ilə bağlı qorxular güclənib.
Aİ-nin ticarət komissarı Maroş Şefçoviç oktyabrda danışıqlar üçün Pekinə səfər etməlidir. O artıq xəbərdarlıq edib ki, həmin vaxta qədər real irəliləyiş əldə olunmasa, Brüssel tədbir görməyə hazırdır.
Müzakirə edilən variantlardan biri Avropa şirkətlərinin kritik məhsullar üzrə Çindən asılılığını azaltmasıdır. Eyni zamanda hibrid avtomobillər kimi strateji məhsulların idxalına məhdudiyyətlər tətbiq edə biləcək qoruyucu mexanizmlər nəzərdən keçirilir.
Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi də xammaldan yarımkeçiricilərə qədər strateji sahələrdə Çindən həddindən artıq asılılığın azaldılmasını tələb edib. Deputatlar iqtisadi asılılığın Pekin tərəfindən siyasi təzyiq vasitəsinə çevrilməsinin qarşısının alınmasını istəyirlər.
Əsas mübarizə isə hazırlanan Sənaye Sürətləndirilməsi Aktı ətrafında gedir. Layihə strateji sənaye sahələrində Avropa istehsalına üstünlük verilməsini və faktiki olaraq daha qapalı "Made in Europe” sisteminin yaradılmasını nəzərdə tutur.
Xarici investisiyaların yoxlanılmasının da sərtləşdirilməsi təklif edilir.
Kanfenin sözlərinə görə, əvvəllər Çin məsələsində parçalanmış siyasi qüvvələr arasında indi daha sərt yanaşmanın tərəfdarları artır. Maraqlıdır ki, bu mövqe həm radikal sol, həm də radikal sağ düşərgədə dəstək qazanır.
"Mən demirəm ki, məsələ artıq həll olunub. Amma düşünürəm ki, parlament daxilində bu mübarizədə həqiqətən qalib gələ bilərik”, - Kanfen bildirib.
Ən böyük suallardan biri isə Almaniyanın hansı mövqeni tutacağıdır.
Berlin uzun illər Çinlə sıx iqtisadi münasibətlərin əsas müdafiəçilərindən biri olub. Kanfen bunu belə ifadə edib: "Almaniya hökuməti həmişə hesab edib ki, BMW, BASF və Mercedes üçün yaxşı olan hər şey hamı üçün yaxşıdır. İndi buna etiraz edilə bilər”.
Almaniyanın kiçik və orta biznes sektorunda Çinlə bağlı daha sərt siyasətə dəstək artır. Bununla belə, iri alman korporasiyalarının Çin bazarında böyük iqtisadi maraqları qalmaqdadır.
Kansler Fridrix Merts də iyulda Fransa Prezidenti Emmanuel Makronla keçirdiyi mətbuat konfransında Çinin böyük ticarət profisitinin Avropada iş yerlərinin itirilməsinə səbəb olduğunu söyləmişdi.
"Mövcud vəziyyəti qəbul etməyə hazır deyiləm”, - Merts bildirmişdi.
Almaniyanın əvvəlki hökumətləri Pekinin Çində fəaliyyət göstərən alman şirkətlərinə cavab tədbirləri görəcəyindən ehtiyatlanaraq həmişə daha ehtiyatlı davranıblar.
İndi isə Avropa Parlamentində formalaşan yeni siyasi xətt həyata keçirilərsə, Aİ-Çin münasibətləri təkcə ticarət mübahisəsi mərhələsindən çıxaraq Avropa bazarının və sənayesinin Çin rəqabətindən sistemli şəkildə qorunması siyasətinə keçə bilər.
///musavat.com///











































