Bakı-Qars küçəsinin hər iki tərəfində yol kənarındakı obyektlərə bir neçə gün əvvəl nömrələr vurulub.
AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Binəqədi rayonu, 7-ci mikrorayonda, keçmiş Abay Kunanbayev küçəsində yerləşən qeyri-yaşayış sahələrindən gedir.
Obyektlərin nömrələnməsi ərazidə söküntü aparıla biləcəyi barədə suallar yaradıb.
Ərazidə danışdığımız sakinlər və obyekt sahibləri görüləcək işlər barədə dəqiq məlumatlarının olmadığını deyirlər. Aralarında nömrələnməni yolun genişləndirilməsi ilə əlaqələndirənlər də var.
Ərazidə hansı işlərin görüləcəyini dəqiqləşdirmək üçün əvvəlcə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etdik, amma sorğumuz cavabsız qaldı.
Avtomobil Yolları Dövlət Agentliyindən isə şifahi olaraq bildirildi ki, obyektlərin nömrələnməsi yol tikintisi layihəsinin ilkin mərhələsidir. Layihə yaşayış komplekslərindən birini Bakı-Qars küçəsi ilə birləşdirəcək avtomobil və piyada tunellərinin tikintisindən ibarətdir. Agentliyin məlumatına görə, təsdiqlənən layihə əsasında yol üçün ayrılan zolağın sərhədləri müəyyənləşdirilir. Həmin zolağa düşən hər obyektə ayrıca inventar nömrəsi verilir. Növbəti mərhələdə obyektlərin daxili və xarici ölçüləri götürülür. Kadastr və qiymətləndirmə məlumatları həmin nömrə ilə obyektə bağlanır. Əmlakın alınması, kompensasiya və söküntü ilə bağlı məsələlər isə sonrakı mərhələlərdə rəsmiləşdirilir.











































