Bu gün Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü keçiriləcək

Bütün Xəbərlər
07:20 05.03.2011
1649

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri bu gün Rusiyanın Soçi şəhərində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri, atəşkəs rejiminin möhkəmləndirilməsi və hərbi sahədə etimad tədbirlərini müzakirə edəcəklər. Bu barədə məlumatı Rusiya prezidentinin mətbuat xidməti yayıb.

“Üç ölkə prezidentinin növbəti danışıqlarında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsipləri ilə bağlı müzakirələrin davam etdiriləcəyi gözlənilir. 1 dekabr 2010-cu il tarixdə Astanada ATƏT-in sammiti çərçivəsində Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri, eləcə də Azərbaycan və Ermənistan prezidentlərinin birgə bəyanatı əlavə münbit şərait yaradır”, - deyə mətbuat xidmətinin məlumatında bildirilir. Astana bəyannaməsində Azərbaycan və Ermənistan rəhbərliklərinə diqqəti mübahisələri məsələlərin həllinə yönəltməyə çağırış edilir və bildirilir ki, münaqişə tərəfləri arasında sülhə nail olmağın yeganə yolu danışıqlardır.

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına təmas xəttindəki vəziyyətin sabitləşməsi yardım edə bilər. Bununla əlaqədar dövlət başçıları münaqişənin siyasi-diplomatik vasitələrlə nizamlanmasının atəşkəs rejiminin və hərbi sahədə etimad tədbirlərinin möhkəmləndirilməsi səylərini tələb etdiyi bildirilən Həştərxan bəyannaməsinin reallaşdırılması ilə bağlı fikir mübadiləsi apara bilərlər”, Rusiya prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd edək ki, bu gün Soçidə keçiriləcək zirvə toplantısı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinə həsr edilmiş sayca səkkizinci üçtərəfli görüş olacaq. İlk görüş 2008-ci il noyabrın 2-də Moskva ətrafındakı Barvixdə, ikincisi 2009-cu il iyunun 4-də Sankt-Peterğurqda, üçüncü 2009-cu il iyulun 18-də Moskvada, dördüncü 2009-cu il oktyabrın 9-da Kişinyovda, beşinci 2010-cu il yanvarın 25-də Soçidə, altıncı 2010-cu il iyunun 17-də Sankt-Peterburqda, yeddinci ötən il oktyabrın 27-də Həştərxanda keçirilib. 

Rusiya prezidentinin mətbuat xidmətinin məlumatına görə, Soçi sammitinə hazırlıq dövründə xarici işlər nazirləri səviyyəsində, eləcə də, ATƏT-in Minsk qrupunun həmsədrləri formatında işlər aparılıb. Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin məsləhətləşmələri ötən il noyabrın 6-sı, noyabrın 22-si, dekabrın 9-u və bu il yanvarın 24-də keçirilib. ATƏT-in Minsk qrupunun Ermənistan və Azərbaycan prezidentləri ilə son görüşləri isə müvafiq olaraq fevralın 9-u və 11-də olub.

Kremldəki mənbə RİA “Novosti”yə bildirib ki, Rusiyaya Minsk qrupunun fəal iştirakçısı kimi tələbat var və bu ölkə Ermənistan və Azərbaycan prezidentləri ilə işi davam etdirəcək: “Hesab edirik ki, bu, bizim beynəlxalq ictimaiyyət və region qarşısındakı məsuliyyətimizdir”.

 

OXŞAR XƏBƏRLƏR