Bu gün müxalif gənclər ADNA-ya yürüş edəcək

Bu gün müxalif gənclər ADNA-ya yürüş edəcək
Bütün Xəbərlər
13:33 30.04.2012
1694
Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən və 12 nəfərin həyatına son qoyan qanlı terror olayının 3 ili tamam olur. Hər il aprelin 30-da bu olay zamanı yaxınlarını itirənlərin nisgili təzələnir, cinayətlə əlaqəli ömürlük həbsə atılmış Nadir Əliyevin, Cavidan Amirovun, Nəcəf Süleymanovun və 11 il müddətinə azadlıqdan məhrum olunan Ariz Qabulovun yaxınları isə ədalətli ibtidai və məhkəmə istintaqının keçiriləcəyi günü gözləyirlər.Artıq üç ildir ki, ADNA qətliamında həlak olanlar yad olunur. Ölkə gəncliyinin fəal nümayəndələri qanlı hadisənin baş verdiyi ali məktəbə izdihamlı şəkildə yürüş edir, faciənin baş verdiyi ərazilərə çiçək dəstələri düzür. Bu il də ənənə davam etdiriləcək. Artıq Gənclərin Hüquqlarını Müdafiə Komitəsi (GHMK) anım yürüşü ilə bağlı qərar verib. Bu barədə “Yeni Müsavat”a VHP Gənclər Təşkilatının sədri Pünhan İmamlı məlumat verdi.P.İmamlı bildirdi ki, terror qurbanlarını yad etmək məqsədilə sosial şəbəkələrdə gənclərə müraciət olunub. Həmin müraciətdə gənclər yürüşdə birgə iştirak etməyə dəvət olunur: “30 aprel, 2012-ci ildə hüznümüzü birgə qeyd etməyə çağırırıq. 30 aprel saat 15:00-da biz Azərbaycan Dövlət Neft Akademiyasının II korpusunun qarşısında olacağıq. Hamımızın bəlası terrorizmin qurbanları olan həmyaşıdlarımıza, həmvətənlərimizə hüznümüzü birgə tutaq. Biz məhz birlikdə olanda terrora qarşı daha güclü oluruq. Hamımız əlimizə qara bağlayaq. Özümüzlə bir ədəd şam və bir ədəd qərənfil götürək. Tədbir vaxtı hər hansı şüar səsləndirməyəcək, aksiya keçirilməyəcək. Məqsədimiz gənclərimizin həmrəyliyi ilə həmyaşıdlarımızın faciəsinə vətəndaşlarımızın biganə olmadığını göstərmək və hər birimizin terror qurbanı ola biləcəyimizi cəmiyyətə çatdırmaqdır. Bizim üzərimizdə köynəklər, köynəklərdə isə terror qurbanlarının şəkilləri olacaq”.Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Leyla Mustafayeva müsavatçı gənclərin də yürüşdə iştirak edəcəyini vurğuladı: “Müsavat Gənclər Təşkilatı bu tədbirə qatılacaq. Biz Neft Akademiyasının önünə dinc şəkildə yürüş edəcəyik. Ölənlərin ruhuna dualar oxunacaq, binanın qarşısında qərənfillər qoyub şam yandıracağıq. Həyatını itirən terror qurbanlarını yad etmək hər bir gəncin borcudur. Bu borcumuzu hər il yerinə yetirməliyik. Bundan sonra da onları yad edəcəyik”.L.Mustafayeva bu yürüşdə gənclərin hakimiyyətə bir mesajı olacağını diqqətə çatdırdı: “Bu qətliamı törədənlərin kimliyi üzə çıxarılmayıb, günahkarlar mühakimə olunmayıb. Hadisədə iştirakı olmayan 4 günahsız, arxa-dayaqsız gənc ömürlük həbsə atılıb. Biz istintaqın obyektiv aparılmasını tələb edirik. Eyni zamanda tələbələrin təhlükəsizliyinə zəmanət verilməlidir”.ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyev terroru pislədiklərini dedi: “Dövlətdən vətəndaşların təhlükəsizliyini yüksək səviyyədə təmin olunmasını tələb edirik. Anım yürüşündə ADP gəncləri də iştirak edəcək. Bu hadisə ilə bağlı təmsil olunduğu təşkilatdan, siyasi baxışından asılı olmayaraq hər bir gənc, tələbə 30 aprel qurbanlarını yad etməlidir”.AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı da dedi ki, aprelin 30-da ADNA-nın terror baş vermiş korpusunun qarşısına gedəcək, gül qoyub şam yandıracaqlar: “Anım həm də terrora etiraz tədbiri kimi nəzərdə tutulub. Dinc şəkildə yürüş edəcəyik”.
OXŞAR XƏBƏRLƏR