Dövlət Məşğulluq Xidmətinin rəis müavini Şahbaz Xələfovun sözlərinə görə, hazırda ölkənin əmək qabiliyyətli yaşlı əhalinin sayı 5 mln. nəfərdir. İqtisadi fəal əhali 4,347 mln. nəfər, məşğul əhali isə 4,089 mln nəfərdir. İqtisadi fəal və məşğul əhalinin sayı arasındakı 258 min nəfərlik fərq Beynəlxalq Əmək Təşkilatının metodologiyasına əsasən işsiz əhali sayılır. «Amma bazarda iş axtaranlar təkcə işsizlər deyil. Təcrübə göstərir ki, işi olanların da bir hissəsi iş axtarmaqla məşğuldur. Xüsusi metodologiyaya əsasən, aparılan hesablamalara görə, işləyərək iş axtaranların sayı təqribən 260 min nəfər olacaq. Nəticədə, bu il ölkədə iş axtaranların ümumi sayı yarım milyonu keçəcək», - deyə Ş.Xələfov bildirib.
Proqramda bildirilir ki, onlardan 64,5 min nəfərinin məşğulluq xidməti orqanlarına müraciət edəcəyi gözlənilir. Məşğulluq orqanlarına müraciət edənlərin 32 min nəfərinin münasib işlə təmin olunması, 4,7 min nəfərə işsiz statusunun verilməsi və işsizliyə görə müavinət ödənilməsi nəzərdə tutulur.
Ş.Xələfovun sözlərinə görə, hazırda işsizliyə görə müavinətin maksimum məbləği ölkə üzrə orta aylıq əmək haqqına (2010-cu ilin nəticələrinə görə 327 manat olub), minimum məbləğ isə 55 manata bərabərdir. Hazırda məşğulluq xidməti minimum məbləğin 65-75 manata qaldırılması ilə bağlı hökumətə təklif verməyə hazırlaşır.
Proqrama əsasən, bu il 4 min nəfərin peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kurslarına, 4 min nəfərin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi, 48 min nəfərin isə iş axtaran kimi qeydiyyata götürülməsi proqnozlaşdırılır. Qeyd edək ki, peşə hazırlığı, yenidənhazırlıq və ixtisasartırma kurslarının təşkilinə 2010-cu ildə də 4 min nəfərə yaxın adam cəlb olunub. Bu kurslarda ən çox arzu olunan peşələr - kompüter istifadəçisi, qadın bərbəri, kompüter mühasibliyi, ingilis dili, plastik qapı-pəncərə ustası, elektrik, qaynaqçı, qaz qaynaqçısı, kənd yerlərində isə traktorçu maşinist peşəsi olub.
Məşğulluq xidmətinin rəis müavininin sözlərinə görə, haqqı ödənilən ictimai işlər dedikdə vətəndaşların əsasən regionlarda aparılan qısamüddətli (1-2 ay ərzində) abadlaşdırma işlərinə cəlb olunması nəzərdə tutulur.
Bundan başqa, məşğulluğun təmin edilməsi üçün Bakıda və ölkənin digər regionlarında 5 əmək birjası fəaliyyət göstərir. Burada iş axtaranlar əsasən müvəqqəti (ev işləri, günəmuzd və s.) işlərlə təmin olunur. Rəsi müavininin sözlərinə görə, belə işlərin əmək birjası vasitəsilə həyata keçirilməsi həm işçilərə, həm də işçi axtaranlara sərfəlidir, çünki işçi pulunun ödəniləcəyinə, sifarişçi isə işin keyfiyyətlə görüləcəyinə təminat alır.
//APA