Bu ixtisası seçən oğlanlara xüsusi təqaüd veriləcək – Şərtlər açıqlandı

Bu ixtisası seçən oğlanlara xüsusi təqaüd veriləcək – Şərtlər açıqlandı
SOSİAL
13:02 18.08.2026
379
Bəzi universitetlərdə yüksək bal toplayaraq pedaqoji ixtisaslara qəbul olan oğlan tələbələr üçün xüsusi təqaüdlərin tətbiq ediləcəyi açıqlanıb.
 
Belə ki, İbtidai sinif müəllimliyi və Xarici dil müəllimliyi ixtisaslarına 450 baldan yuxarı nəticə ilə qəbul olan oğlan tələbələrin xüsusi təqaüdlə təmin olunması nəzərdə tutulur. Qərar xüsusilə oğlan tələbələrin pedaqoji ixtisaslara cəlb edilməsi baxımından diqqət çəkib.
 
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, universitetlər pedaqoji ixtisaslara marağı artırmaq üçün müxtəlif təqaüdlər təklif edirlər: 

"Ümumiyyətlə, pedaqoji kadrlar hazırlayan universitetlərin hamısı artıq belə müraciətlərə başlayıblar. Hərəsi bir şəkildə həvəsləndirmə, təqaüdlər təklif edirlər. Bu il əvvəlki illərdən bir qədər fərqlidir. Məsələn, Pedaqoji Universitetdə artıq bir neçə adlı təqaüd təklif olunub. Bunlar yüksək bal toplayan və uyğun ixtisasları seçən tələbələr üçün nəzərdə tutulub. Slavyan Universitetinin belə bir təşəbbüsü var, Dillər Universitetinin də belə bir təşəbbüsü var”.

 
Ekspertin sözlərinə görə, məqsəd əmək bazarı üçün daha hazırlıqlı müəllimlər yetişdirməkdir:
 
"Pedaqoji kadrlar hazırlayan universitetlər maraqlıdırlar ki, onların yetişdirdiyi kadrlar yüksək ballı tələbələr olsunlar. Müəllimlik artıq kifayət qədər mürəkkəb və rəqabətli sahədir. Hər kəs müəllim ola bilmir. Ona görə də müəllimlik ixtisasını seçən tələbələrin daha yüksək nəticə göstərməsi vacibdir. Əmək bazarında rəqabət artıb və yüksək səviyyəli kadrlara ehtiyac var. Bu, artıq günün tələbidir”.
 
M.Məmmədli bildirib ki, bu təşəbbüs məktəblərdə kişi müəllimlərin sayının artırılmasına kömək edə bilər:
 
"Oğlan tələbələrin də həvəsləndirilməsi məsələsinə gəldikdə, görürük ki, ümumtəhsil məktəblərində kişi müəllimlərin sayı çox deyil. Yəqin ki, dövlət səviyyəsində, Elm və Təhsil Nazirliyinin də belə bir təşəbbüsü var. Ona görə yaxşı olar ki, oğlanlar həm pedaqoji, həm dillə bağlı, həm də digər fənlər üzrə ixtisasları seçsinlər. Bunda hər halda fayda var".
 
Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR