İsrail süni intellekt texnologiyalarının kommersiyalaşdırılması üzrə dünyada üçüncü yeri tutub.
Bu barədə İsrail hökumətinin Roş ha-Şana bayramı ərəfəsində açıqladığı illik iqtisadi hesabatda bildirilib. Məlumatı "The Jerusalem Post" yayıb.
Hesabata görə, İsrail həmçinin süni intellekt üzrə tədqiqat, innovativ texnologiyaların hazırlanması və qabaqcıl süni intellekt sistemlərinin praktiki tətbiqi sahəsində dünyanın ən qabaqcıl 10 ölkəsi sırasındadır.
Qeyd olunub ki, ölkənin yüksək texnologiyalar sektoru əhəmiyyətli artım nümayiş etdirib. Cari ilin ilk yarısında İsrail şirkətləri ötən ilin eyni dövrü ilə müqayisədə 53 faiz çox investisiya cəlb edib. TA-125 fond indeksi isə 35 faiz yüksəlib.
Bundan əlavə, milli valyuta ABŞ dollarına qarşı möhkəmlənib, inflyasiya 1,5 faizə enib. Büdcə kəsiri 3,3 faiz təşkil edib ki, bu da hökumətin 4,9 faizlik hədəfindən aşağıdır.
Xarici çağırışlara baxmayaraq, İsrail iqtisadiyyatının inkişafını davam etdirdiyi bildirilib. İlin ilk yarısında ölkənin ÜDM-i 3,2 faiz artıb, adambaşına düşən nominal ÜDM isə 70 min dollara yaxınlaşıb.
İşsizlik səviyyəsi 3,3 faiz, əmək qabiliyyətli əhalinin məşğulluq səviyyəsi isə 71 faiz təşkil edib. Bu göstərici İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrin orta göstəricisindən bir qədər aşağıdır. Hesabatda bunun səbəblərindən biri kimi İsraildə istehlak qiymətlərinin daha yüksək olması göstərilib.
///modern.az///











































