Bu meyvə qışda xəstəliyin dərmanıdır

Bu meyvə qışda xəstəliyin dərmanıdır
MARAQLI
02:33 21.11.2026
79
Qış aylarında virus və infeksiyalardan qorunmaq üçün qidalanmaya xüsusi diqqət yetirmək vacibdir. Mütəxəssislər immun sisteminin normal fəaliyyətini dəstəkləmək üçün gündəlik rasiona liflə zəngin meyvə və tərəvəzlərin daxil edilməsini tövsiyə edirlər.

Hepatoloq, professor Debbi Şoukross qışda infeksiyalardan qorunmaq üçün hər gün alma yeməyi məsləhət görüb. O, bu barədə "The Guardian” nəşrinə danışıb.

Həkimin sözlərinə görə, alma orqanizm üçün faydalı olan pektinlə zəngindir. Bu maddənin bağırsaqlarda parçalanması nəticəsində yaranan qısa zəncirli yağ turşuları bağırsaq divarının sağlamlığını qorumağa və immun reaksiyaların tənzimlənməsinə kömək edir.

Şoukross bildirib ki, sağlam və müxtəlif tərkibli bağırsaq mikrobiomu orqanizmin infeksiyalarla mübarizəsində mühüm rol oynayır.

Professor pektin və liflə zəngin digər məhsullar arasında armud, portağal, kök, gavalı, albalı, ərik və şaftalının da adını çəkib. Onun sözlərinə görə, Brüssel kələmi də immun sisteminin normal fəaliyyətini dəstəkləyən faydalı qidalardandır. Bu tərəvəz lif, bitki mənşəli birləşmələr və C vitamini ilə zəngindir.

Həkim infeksiyalardan qorunmaq üçün həftədə ən azı 2-3 gün spirtli içki qəbul etməməyi, alkoqol qəbul edilən hallarda isə həddindən artıq miqdardan və acqarına içməkdən çəkinməyi tövsiyə edib.

Qeyd edək ki, balanslı qidalanma immun sisteminin normal fəaliyyətinə kömək etsə də, heç bir meyvə və ya tərəvəz virus infeksiyalarından tam qorunmağa zəmanət vermir.

///sfera.az
OXŞAR XƏBƏRLƏR