Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - Açıqlama

Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - Açıqlama
SOSİAL
23:22 28.08.2026
188
Havaların sərinləşməsi, dərs mövsümünün başlaması və ictimai nəqliyyatda, o cümlədən metroda yaranan dəyişikliklər insanların gündəlik nəqliyyat seçimlərinə təsir edə bilər. Bu dövrdə şəxsi avtomobilə tələbatın artıb-artmayacağı və bunun avtomobil bazarındakı qiymətlərə necə təsir göstərəcəyi maraq doğurur.

Demokrat.az-a bu barədə açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, təkcə mövsümlə bağlı deyil, bu amil eyni zamanda dövrlə də əlaqəlidir:

"Zaman keçdikcə Bakıda avtomobillərin sayı artır və bu da təbiidir. İnsanların sayı artırsa, eyni zamanda infrastruktur genişlənirsə, yeni yollar salınırsa, yeni kapital yığımları həyata keçirilirsə, təbii ki, onların bir hissəsi avtomobillərə yönəlir. Bu da şəhərdə avtomobillərin sayının artmasına səbəb olur. Təbii ki, yeni dövrdə avtomobillərin sayı artacaq. Hətta mən qeyd edirəm ki, təkcə alınan avtomobillərin sayı deyil, eyni zamanda mövcud avtomobillərin küçə və prospektlərə çıxışında da artım baş verir. Sentyabr ayında ali təhsil müəssisələri, orta ixtisas və orta təhsil müəssisələri fəaliyyətə başlayır. Bu da təbii olaraq tıxacların yaranmasına və avtomobillərdən daha çox istifadə olunmasına gətirib çıxarır. Hazırda avtomobil əlçatanlığı kifayət qədər yüksəkdir. Çin Xalq Respublikasında istehsal olunan avtomobillərin bazara böyük həcmdə daxil olması avtomobil əlçatanlığını artırıb və bu da avtomobil bazarında xüsusi maraq yaradıb. Qonşu ölkələrlə, xüsusilə Türkiyə ilə müqayisədə Azərbaycanda avtomobil əlçatanlığı daha yüksək səviyyədədir. Türkiyədə orta səviyyəli, premium seqmentə daxil olmayan avtomobil əldə etmək üçün ən azı 50-60 min manat xərcləmək lazımdır”.

Sədr əlavə edib ki, Azərbaycanda isə bunun təxminən yarısı qədər məbləğə həmin avtomobili əldə etmək mümkündür: 

"Bu göstərici avtomobil əlçatanlığının yüksək olduğunu göstərir. Əgər bu tendensiya belə davam edərsə, bir müddətdən sonra Bakı şəhərində avtomobillərin hərəkəti ilə bağlı çox ciddi tıxac və problemlər yarana bilər. Bunun üçün biz dəfələrlə təklif etmişik ki, təhsil müəssisələri şəhərin kənarına çıxarılsın və daha çox kampus formatında fəaliyyət göstərsin. Digər təhsil müəssisələrinin də başlama və bitmə vaxtlarında müəyyən diferensiallıq tətbiq olunsun, yəni dərslər fərqli vaxtlarda başlasın. Eyni zamanda iş vaxtlarında da müəyyən dəyişikliklər həyata keçirilsin. Bu tədbirlər görülərsə, tıxacların qarşısını müəyyən qədər almaq olar.

Sentyabr-oktyabr aylarında həmişə avtomobil bazarında, təkcə avtomobil bazarında deyil, daşınmaz əmlak bazarında da canlanma baş verir. Məsələn, Azərbaycan bazarı üçün daha çox uyğun olan avtomobillər arasında Çin istehsalı avtomobillərlə yanaşı, Koreya, Almaniya və Yaponiya istehsalı avtomobillər də var. Bu avtomobillərin qiymətində model və markadan asılı olaraq təxminən 3-5 faizlik artımın olacağı ehtimal edilə bilər. Ciddi bahalaşma üçün isə təkcə mövsümi amil kifayət deyil, bunun üçün müəyyən iqtisadi şərtlər lazımdır. Amma qiymətlərdə hər hansı ucuzlaşmanın gözlənilməsi mümkün deyil. Əksinə, zaman keçdikcə avtomobillərin qiymətində artımın şahidi oluruq”.
OXŞAR XƏBƏRLƏR