Buna görə Bakıda bu il ağcaqanad çoxdur - Adil Qeybulla

Buna görə Bakıda bu il ağcaqanad çoxdur - Adil Qeybulla
SOSİAL
21:54 11.06.2026
237
Son günlər sosial şəbəkələrdə valideynlər arasında uşaqlarda həşərat dişləmələri ilə bağlı narahatlıq yaradan paylaşımların sayı artıb. Xüsusilə göz ətrafında yaranan şişkinliklər, qızartılar və allergik reaksiyalar diqqət çəkir. Həkimlər bildirirlər ki, havaların istiləşməsi, yağıntıların artması və ekoloji amillər həşəratların, xüsusilə də ağcaqanadların sayının çoxalmasına səbəb olur. Bu isə həm uşaqlar, həm də böyüklər üçün sancılma riskini artırır.
 
AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, son dövrlərdə müşahidə olunan yağışlar və bunun nəticəsində yaranan durğun su hövzələri həşəratların çoxalması üçün əlverişli şərait formalaşdırır.

Onun sözlərinə görə, xüsusilə Bakıda və ətraf ərazilərdə yaranan gölməçələr ağcaqanadların sürətlə artmasına səbəb olur.

"Bakıda yağış sularının artması, gölməçələrin yaranması və suların zirzəmilərə, müxtəlif ərazilərə dolması nəticəsində həşəratların, xüsusilə də ağcaqanadların sayı artır. Bu artım onların çoxalması üçün əlverişli mühitin yaranması ilə bağlıdır. Durğun sular ağcaqanadların çoxalması üçün ən uyğun mühit hesab olunur və qısa müddətdə onların sayında ciddi artım müşahidə edilə bilər”.

Professor qeyd edib ki, həşəratların sayının artmasına təsir göstərən amillər təkcə yerli hava şəraiti ilə məhdudlaşmır. Qlobal iqlim dəyişiklikləri də bu prosesdə mühüm rol oynayır.

"Bundan başqa, regionda mövcud olan münaqişələr, qlobal istiləşmə və ümumi iqlim dəyişiklikləri flora və faunaya ciddi təsir göstərir. İqlim dəyişdikcə bəzi canlı növlərinin yayılma arealları da dəyişir və əvvəllər müşahidə olunmayan vəziyyətlər ortaya çıxa bilir”.

Adil Qeybulla bildirib ki, ağcaqanad sancmaları əksər hallarda ciddi problem yaratmasa da, bəzi insanlarda daha ağır reaksiyalar müşahidə edilə bilər.

"Ağcaqanadların çoxalması insanların sancılma riskini artırır. Sancma nəticəsində toksiki ödem, allergik reaksiyalar, qızartı, qaşınma və digər narahatlıqlar yarana bilər. Xüsusilə uşaqlarda və allergiyaya meyilli şəxslərdə bu reaksiyalar daha qabarıq şəkildə özünü göstərə bilir”.

Professorun sözlərinə görə, uşaqlarda göz qapaqları və üz nahiyəsində yaranan şişkinliklər valideynləri daha çox narahat etsə də, bunun qarşısını almaq üçün profilaktik tədbirlər görmək mümkündür.

"Bu səbəbdən qorunmaq üçün repellentlərdən, yəni qovucu iyli maddələrdən istifadə olunur. Uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş elektrik şəbəkəsinə qoşulan xüsusi repellentlər də mövcuddur. Müxtəlif istehsalçıların təqdim etdiyi bu vasitələr həşəratların yaşayış məkanlarına yaxınlaşmasının qarşısını almağa kömək edir. Xüsusilə gecə saatlarında, yuxu zamanı ağcaqanad hücumları daha çox olduğundan onların istifadəsi vacib sayılır”.

Mütəxəssis diqqətə çatdırıb ki, ağcaqanadlar bəzi yoluxucu xəstəliklərin daşıyıcısı ola bildiyindən bu məsələyə ciddi yanaşmaq lazımdır.

"Azərbaycanda malyariya daşıyıcısı olan ağcaqanad növləri mövcuddur. Malyariya əsasən isti bölgələrdə yayılsa da, iqlim və relyef dəyişiklikləri bu növlərin digər ərazilərə, o cümlədən Bakıya yayılma riskini artırır. Buna görə də vəziyyət daim nəzarətdə saxlanılmalıdır”.

Professor əlavə edib ki, dünyada daha təhlükəli infeksiyaların yayılmasında rol oynayan bəzi ağcaqanad növləri də mövcuddur.

"Eyni zamanda Afrikada hemorragik qızdırmaların yayılmasına səbəb olan bəzi ağcaqanad növləri də mövcuddur və hələlik Azərbaycanda geniş yayılmasa da, gələcəkdə risk tamamilə istisna edilmir. Bu baxımdan həşəratlarla mübarizə tədbirlərinin sistemli şəkildə həyata keçirilməsi vacibdir”.

Adil Qeybulla hesab edir ki, ağcaqanadların çoxalmasının qarşısını almaq üçün həm aidiyyəti qurumlar, həm də vətəndaşlar üzərlərinə düşən tədbirləri görməlidirlər. Zirzəmilərdə və həyətlərdə durğun suların aradan qaldırılması, yaşayış məntəqələrinin dezinfeksiya olunması və fərdi qoruyucu vasitələrdən istifadə həşəratların yaratdığı risklərin azaldılmasına kömək edə bilər.
OXŞAR XƏBƏRLƏR