“İnternet media geniş vüsət alandan sonra qəzetlər öz oxunağlığını itirməyə başladı”
Son illər Azərbaycanda fəaliyyət göstərən qəzetlər online rejimə keçərək, özlərinin elektron formatını yaradırlar. Bir çoxları qəzetlərin elektron formata keçidini və satışlarını həm də bu yolla həyata keçirməsini qəzetlərin oxunmaması və bu səbəbdən sıradan çıxması, digərləri isə müasir dövrün tələbi kimi qiymətləndirir.
Azxeber.com portalının baş direktoru Əfsələddin Ağalarov qəzetlərin tamamilə sıradan çıxması fikri ilə şərik olmasa da, xeyli zəiflədiyi qənaətindədir: “İnternet media geniş vüsət alandan sonra qəzetlər öz oxunağlığını itirməyə başladı. Bu gün Azərbaycanda yalnız bir neçə qəzet var ki, oxucuların maraq dairəsindədir. Əlbəttə, internet portallar qəzetlərlə müqayisədə daha çox oxucu kontingentini əhatə edirsə, qəzetlərin də internet formatı hazırlayaraq, satış həyata keçirməsi təbiidir. Düşünürəm ki, bu internet xəbər saytlarının rolunu artırmaqla yanaşı, onların dövlət tərəfindən maliyyələşməsi ilə bağlı müzakirələri də gündəmə gətirir”.
“Qafqazinfo” portalının baş redaktoru Elbrus Ərud hesab edir ki, bu müasir dövrün tələbidir: “Burada qeyri-adi bir şey yoxdur. Dünya praktikasına nəzər salsaq görərik ki, aparıcı mətbu orqanlar müxtəlif formada yayım həyata keçirirlər. Bizdə də bu olmalı idi və mən burada qəribə bir şey görmürəm. Azərbaycanda qəzetlər fəaliyyət göstərir və onların sıradan çıxmasını söyləmək olmaz. Sadəcə onlar dövrün tələbləri ilə ayaqlaşaraq, elektron formada da öz satış və yayımını həyata keçirirlər”.
Editor.az