Ceyhun Hüseynovun xatirəsi doğma kəndində yad edildi – VİDEOREPORTAJ

Ceyhun Hüseynovun xatirəsi doğma kəndində yad edildi – VİDEOREPORTAJ
SOSİAL
13:08 10.06.2026
101
2024-cü ilin iyununda Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhədində həyatını itirən əsgər Ceyhun Hüseynovun vəfatından 2 il ötür.

Bu gün onun əziz xatirəsi Ordubad rayonunun Gənzə kənd qəbiristanlığında, məzarı başında yad edilib. Ceyhunun ailə üzvləri, qohumları, kənd sakinləri və ictimaiyyət nümayəndələri mərasimdə iştirak ediblər. Kəndin axundları tərəfindən Ceyhunun ruhuna dualar oxunub.

Gənzə kənd ziyalısı Nizami Ağammədov Ceyhunun məzarı başında ona həsr etdiyi şeiri səsləndirib:

Ziyarətçilər şəhidlərimizin vətən uğrunda canlarını fəda etmələrindən, qazilərimizin qəhrəmanlıqlarından söz açıb, Ceyhunla bağlı xatirələrini bölüşüblər.

İqtisad elmləri doktoru, Gənzə kəndinin ağsaqqallarından olan Müzəffər Məmmədov Ceyhununun necə savadlı, səmimi və vətənpərvər bir gənc olduğundan söz açıb.
 
Xatırladaq ki, Ceyhun Hüseynov 16 may 1999-cu ildə Bakı şəhərində anadan olub. Liseyi bitirdikdən sonra 627 bal toplayaraq ADA Universitetində bakalavr, daha sonra isə Tel-Əvivdə magistr təhsili alıb.
 
Ceyhun ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Lakin hərbidən tərxis olunmağına 20 gün qalmış - 2024-cü il iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb. İyunun 11-də isə Ceyhun Hüseynovun nəşi tapılıb. Mərhumun cənazəsi Ordubad rayonunun Gənzə kəndində, adını daşıdığı şəhid əmisinin məzarının yanında torpağa tapşırılıb.

Qeyd edək ki, Ceyhunun adını daşıdığı əmisi – Ceyhun Tahir oğlu Hüseynov 1975-ci il yanvarın 22-də Ordubadın Gənzə kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsinə qatılıb, bir sıra istiqamətlərdə gedən döyüş əməliyyatlarında iştirak edib. Ceyhun Hüseynov 1994-cü il aprelin 17-də Goranboy rayonun Talış kəndində gedən döyüşlərdə şəhid olub.
 

OXŞAR XƏBƏRLƏR