Xəbər verdiyimiz kimi, Türkiyənin Ankara və Hacettepe universitetlərində Xocalı tədbirlərində gərginlik yaşanıb. AZXEBER.COM-un məlumatına görə, azərbaycanlı tələbələrin hazırladığı tədbirlər bir qrup solçu tələbənin etirazına səbəb olub. Etiraz əlbəyaxa dava ilə nəticələnib. Nəticədə Hacettepe universitetində dörd, Ankara universitetində isə iki tələbə yaralanıb, xəstəxanaya yerləşdirilib.
Millət vəkili Ceyhun Osmanlı şəxsi "facebook" səhifəsində məsələyə münasibət bildirib.O, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə təmkinli olmağı məsləhət görüb: "Türkiyədə təhsil alan çox dəyərli tələbələrimiz! İlk növbədə Taksimdə uğurlu Xocalı yürüşündə fəal iştirakınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm. Amma müşahidə etdiyiniz kimi Azərbaycan və Türkiyə arasında isinişməni qısqanan, o cümlədən ermənilərin mövqeyinin zəifləməsindən narahat olan müəyyən dairələr uğurlu Xocalı yürüşünə kölgə salmaq məqsədilə sanki bu yürüşün Türkiyədə milliyyətçiliyi alovlandırdığı kimi rəy yaratmaq istəyirlər. Bununla bağlı mətbuatda məqalələr yazdırır, hətta tələbələrimizə qarşı provokasiyalar hazırlayırlar.
Hacettepe və Ankara Universitetlərində baş verənlər buna sübutdur. Onların məqsədi odur ki, tələbələrimiz buna sərt reaksiya versin, məsələ böyüsün, sonra olanlar mediaya yansısın və beləliklə onlar da bunu "Taksimin nəticəsi" kimi qələmə versin! Əziz tələbələr! Sizdən bu dövrlər çox sakit davranmağınızı və əsla belə qrupların siyasətinə alət olmamanızı rica edirəm!"