"Cocuq Mərcanlıya qayıdış “Böyük Qayıdış”ın başlanğıcı idi”

SİYASƏT
13:22 25.11.2021
404
2020-ci il dünyanın diqqəti Azərbaycanın üzərində oldu desək, yanılmarıq. Bütün dünyanın gözü qarşısında baş tutan tarixi "Dəmir Yumruq" əməliyyatı təkcə düşmən ölkəyə yox, dünyaya Azərbaycanın gücünü göstərdi.
 
44 günlük Vətən Müharibəsi zamanı Azərbaycanın qazandığı şanlı qələbə düşmən üçün tarixi dərs oldu. Bu tarixi dərs 30 il ərzində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq, talançılıq üçün böyük bir cavab zərbəsi oldu. Öz torpaqlarının ordunun, xalqın, dövlətin və hakimiyyətin birliyi sayəsində geri qaytaran Azərbaycana Ermənistan artıq məğlub xalq, dövlət birliyi ilə baxır. Dünyanın gözü qarşısında bu cür gülünc məğlubiyyətlə üzləşən Ermənistan hər fürsətlə yenə də təxribatlara əl atır. Artıq heç nə əldə edə bilməyəcəyini, törətdiyi təxribatlara daha ağır cavab alacağını bilən Ermənistan yenə də çirkin niyyətlərindən əl çəkmək istəməsə də, Azərbaycana qarşı hər yanlış addımına görə cavabını da alır.

Amma bütün dünya bilməlidir ki, Azərbaycanın heç bir dövlətlə düşmənçilik aparmaq niyyəti yoxdur. Azərbaycan yalnız ona qarşı ərazi iddiaları edən, onun tarixinə, mədəniyyətinə, bir sözlə, Azərbaycana qarşı səhv addım atan, təxribatla törətməyə çalışan dövlətlə düşmənçilik aparır. Bu dövlət Ermənistan yox, dünyanın istənilən, güclü dövləti olsa belə, Azərbaycan onun mübarizə aparmaq qabiliyyətindədir.
 

 
 Milli Məclisin deputatı Elman Məmmədov AZXEBER.COM-a açıqlamasında deyib ki, 44 günlük müharibədə bütün dünya Azərbaycanın gücünü gördü. 

"Bəzi qonşu və digər dövlətlər elə hesab edirlər ki, onlar güclü olduqları üçün biz onlara müqavimət göstərməməliyik, amma onlar səhv edirlər”.

Deputat bildirib ki, Azərbaycan xalqı tarixən itaətkar xalq olmayıb: "Özünü güclü hesab edən dövlətlər, istər qonşuluqda, istərsə də qonşuluqdan kənarda, onlar belə hesab edirlər ki, böyük dövlət olduqları üçün, güclü dövlət olduqları üçün biz heç bir müqavimət göstərmədən, heç bir mübarizə aparmadan onların bütün istəklərinə, tələblərinə, göstərişlərinə əməl etməliyik. Hətta bu, bizim ziyanımıza, zərərimizə olsa belə, onların dediklərini edəcəyimizi düşünürlər. Ancaq onlar səhv edirlər. Azərbaycan xalqı tarixən itaətkar xalq olmayıb. Açıb Azərbaycan xalqının tarixini oxusunlar. Bizim çox qədim və zəngin tariximiz var. Azərbaycan xalqı həmişə özünün müstəqilliyi, özünün azadlığı uğrunda çarpışıb vuruşmuş, mübarizə aparmış xalq olub. Həm də çox böyük qüvvələrə qarşı mübarizə aparıb”.

Azərbayacan öz qətiyyətli Ali Baş Komandanı, güclü ordusu, yenilməz xalqı sayəsində öz torpaqlarını düşmənlərdən təmizlədi. Artıq bu torpaqlarda çiçəklər açır. Artıq bu torpaqlar öz sahibindədir. Artıq bundan sonra bu torpaqlar yenidən inkişaf edəcək, yenidən buralarda Azərbaycan xalqı yaşayıb-yaradacaq. Prezdentin dediyi kimi, artıq işğaldan azad edilmiş torpaqlarımıza böyük qayıdışın vaxtıdır. Qarşıda duran ən önəmli vəzifələr Qarabağın bərpası, işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış” prosesinin həyata keçirilməsidir. Bu prosesin artıq xeyli hissəsi qısa zamanda həyata keçirilib. İlk olaraq Qarabağ və Şərqi Zəngəzur bölgələrində xeyli ərazinin minalardan təmizlənməsi işləri görüldü. Əhmədbəyli-Füzuli-Şuşa "Zəfər yolu”nun inşası, Kəlbəcər və digər rayonlarda elektrik xətlərinin çəkilməsi, işğaldan azad edilmiş ərazilərdə 7 ay ərzində tikilmiş birinci hava limanı olan Füzuli beynəlxalq hava limanının tikilib istifadəyə verilməsi, Zəngilanın Ağalı kəndində ilk "Ağıllı kənd” layihəsi çərçivəsində aparılan işlər "Böyük Qayıdış” prosesi çərçivəsində görülən işlərin bir hissəsidir.
 


Prezident İlham Əliyev Azərbaycan xalqının Qarabağa böyük qayıdışını qısa zamanda təmin edilməsi üçün görülən işləri diqqətdə saxlayır. Tez-tez azad olunmuş ərazilərə səfər edərək prosesləri diqqətdə saxlayır. Prezident öz çıxışı zamanı "Böyük Qayıdış”ın aprel döyüşlərindən sonra Cəbrayıldan başladığını qeyd edib:

"Bizim "Böyük Qayıdış”ımız Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır. Cəbrayılın azad olunması artıq beş il bundan əvvəl başlamışdı. Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq üçün imkanlar əldə edildi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur və bu, bizim önəmli qələbəmiz idi. Çünki bu, uzun fasilədən, atəşkəsdən sonra ilk böyük qələbəmiz idi. Düzdür, ermənilər o vaxt bu qələbəni kiçiltmək istəmişdilər. Hətta bəyan edirdilər ki, bu, o qədər də böyük əhəmiyyət daşıyan ərazilər deyil və sanki Ermənistan tərəfi qalib gəlmişdi. Mən hələ o vaxt deyirdim ki, biz gəlmişik, onların qazdıqları səngərlərdə yerləşmişik, necə ola bilər ki, Ermənistan burada qalib gəlib?! Biz o vaxt böyük ərazini, əlbəttə ki, o vaxt üçün böyük ərazini - bir neçə min hektarı azad etmişdik və təqribən 9-10 min hektar əraziyə nəzarəti əlimizə keçirmişdik. Təkcə bu istiqamətdə yox, eyni zamanda, Ağdərə istiqamətində çox önəmli strateji yüksəklikləri biz o vaxt götürdük ki, İkinci Qarabağ müharibəsində bu yüksəkliklərin çox böyük əhəmiyyəti olmuşdur. O vaxt biz haqlı olaraq Aprel döyüşlərindəki qələbəni Ordumuzun şanlı qələbəsi kimi qeyd edirdik və bizim qayıdışımızın da başlanğıcı məhz o vaxt olmuşdur. Cocuq Mərcanlıya qayıdış "Böyük Qayıdış”ın başlanğıcı idi”.

30 ildir ki, torpaq həsrəti ilə yaşayan xalqımız Ali Baş Komandanın rəhbərliyi altında yaxın zamanda Qarabağa qayıdacaq. 5 il öncə Cəbrayılda əsası qoyulan "Böyük Qayıdış”ın ötən il 44 günlük Vətən Müharibəsi ilə qalan hissələri də tamamlandı.
 
Aydın Nuri
 
Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə "İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış” mövzusu üzrə dərc edilib.
 

 

OXŞAR XƏBƏRLƏR