“Dedi həkimi çağırın ayağımı kəssin, yaşamaq istəyirəm” – EMİL RƏHMANIN SON ANLARI - VİDEO

MÜSAHİBƏ
12:50 23.02.2024
4495

AZXEBER.COM-un "Gəl danış” rubrikasının bu dəfəki qonağı mərhum müğənni Emil Rəhmanın həyat yoldaşı Sabrina Qəmzəyevadır.

 

 

 


 


"Anası deyirdi ki, sən Emilə dözə biləcəksən?”

-Necəsiniz?

Salam, xoş gəlmisiniz!

 

-Emilsiz günləriniz necə keçir?

Bunu yaşamaq çox çətindir. İnsan acı ilə yaşamağa öyrəşir. Çünki həyat davam edir.

 

-Bu hər ikinizin ikinci evliliyi idi. İlk dəfə necə tanış olmuşdunuz?

7 il bundan əvvəl bir musiqiçi olaraq Emili dinləməyə getmişdim, tanışlığımız da elə oradan başladı.

 

-Hazırda onunla birlikdə yaşadığınız evdə qalırsınız. Onun xatirələri ilə eyni evdə yaşamaq sizə çətin deyil?

İnanın ki, çox çətindir. Bu evin hər yerində onun xatirələri var. Hara baxıram, onu görürəm. Əslində bu səbəbdən evi dəyişməyi də düşünürəm.

 

-Bir paylaşımınızda Emil üçün "Dəli kimi sevdiyim adam” ifadəsini işlətmişdiniz. Emil olmasa da bu sevgi hələ də davam edir?

Əlbəttə. Mənə elə gəlir ki, sevgi belə rahat bitən bir şey deyil. Sevdiyin insandan sevə-sevə ayrılmaq isə hər şeydən çətindir. Ayrılıq var ki, zamanla unudursan, yoluna davam edirsən. Ayrılıq da var ki, sevirsən, amma səni ölüm ayırır. Necə ki, özü həmişə deyirdi ki, bizi ancaq ölüm ayıra bilər.

 

-Bilirdiniz ki, Emil daha öncə ailəli olub və pis vərdişləri də var. Ailəniz onunla evlənməyinizi necə qarşıladı?

 Mən Türkiyədə yaşamışam. Onunla tanış olanda haqqında geniş məlumatım yox idi. Aramızda 12 yaş fərq vardı. Amma ailəm burada olduğu üçün hər şeydən xəbərdar idi. Münasibətimiz ciddiləşdikcə ailəm bunu istəmədi. "Azəristar” yarışmasından tanınsa da çox az-az efirlərdə görünürdü. Çünki həyatının çox hissəsi cəzaçəkmə müəssisələrində keçmişdi. Amma çox dəyişmişdi. Üstünlüyü sadəcə ailəyə verirdi. Artıq yaşı da vardı, təcrübəsi də. Son illərində pis şeylərdən çəkinirdi, müalicə alırdı.

 

-Deyilənə görə, Emilin anası sizə onunla ailə qurmamamağınızla bağlı xəbərdarlıq edib. Bu barədə nə deyə bilərsiniz?

Bəli, belə bir şey olub. Anası deyirdi ki, sən bunlara dözə biləcəksən? Amma iş o yerə çatmışdı ki, mənə artıq heç kəsin fikri maraqlı deyildi.

 

-Sizə onu bu qədər sevdirən səbəb nə idi?

Mən bu sualı özümə çox vermişəm. Çünki biz tanış olanda onun nə maddi durumu yaxşı deyildi, nə də səhhəti. Lakin o mənim sanki ruh əkizim idi.

 

-Bildiyim qədəri ilə Emil sizin birinci nikahdan olan övladınıza atalıq edib. Zəhra ilə (Sabrinanın ilk nikahından olan qızı) münasibətləri necə idi?

 

Bəli, mənim qızım onun qucağında, onun sevgisi ilə böyüyüb, onun tərbiyyəsini alıb. Emil çox xarakterli insan idi. Hələ də mən uşağı sakitləşdirə bilmirəm. Onun geyimlərini geyinir, gəzir. Deyir mən atamı istəyirəm.

 

 

Zəhraya o qədər sevgi və diqqətlə yanaşırdı ki... Hətta ona məndən daha yaxın idi. Başım işə qarışanda o Zəhraya baxır, dərslərinə kömək edirdi. Elə biolojik atalar var ki, heç Emil kimi uşağa atalıq edə bilməz.

 

"İlk evliliyindən olan oğlunu heç vaxt görə bilmədi”

-Sizə son sözü nə oldu?

Evdə halı pisləşdi, apardıq xəstəxanaya. Gedəndə də anama dedi ki, yarım saata evdəyəm. Xəstəxanada dünyasını dəyişdi. Sən demə ayağında tromb var imiş, bilməmişik. Xəstəxanada sonuncu dəfə ona ayağının kəsiləcəyini dedim. Əvvəl razılaşmadı. Sonra razılaşdı. Dedi ki, həkimi çağırın ayağımı kəssin, yaşamaq istəyirəm. Amma qismət olmadı.

 

-Cəzaçəkmə müəssisəsindən çıxandan sonra cəmiyyətə adaptasiya olmağa başlamışdı. Gələcəklə bağlı hansı planları var idi?

Yeni duetlərimiz olacaqdı, mahnıları seçmişdik. Onun ən böyük arzusu həyət evi almaq idi.

 

-7 illik ailə həyatınızda niyə övladınız olmadı?

Əvvəl maddi durumumuz çox pis idi. Övladım çox balaca, evimiz də ipotekada idi. Buna görə istəmədik. Dedik bir az işləyək, ayağa qalxaq. Düşünürdük ki, zamanımız var. Daha sonra istədik, onda da Allah qismət etmədi. Emilin ilk evliliyindən bir oğlu var. Amma təəssüflər olsun ki, onu heç vaxt görə bilmədi. Mən də bu mövzulara ümumiyyətlə, qarışmırdım.

 

"Rəhman müəllimin bu gün belinin necə büküldüyünü mən görürəm”

-Emilin ailəsi ilə münasibətləriniz necədir?

Mən o ailəni çox sevirəm. O qədər yaxşı, mədəni və sənətə dəyər verən insanlardı ki. Atası ilk dəfə məni görəndə Emilə demişdi ki, mən bu qızı çox istədim, onu incitmə. Hazırda həm mənimlə, həm də Zəhra ilə çox yaxşı münasibətdədirlər.

 

-Emil əsəbiləşəndə necə olurdu?

Həmişə birimiz od olanda birimiz su olmuşuq. Davalarımız çox olub. İnanın ki, 7 ildə bir gün belə küsülü qalmamışıq.

 

-Sənət yoldaşlarından ağır zamanlarında ona dəstək olan olub?

O heç xəstə yatmadı. Öz ayağı ilə xəstəxanaya getdi, səhər mən onu evə ölü gətirdim. Onun heç kimin dəstəyinə ehtiyacı da yox idi, çünki böyük sənəti vardı, yaxşı məclislərə gedirdi.

 

-Sosial şəbəkələrdə Emilin ünvanına mənfi rəylər yazanlara nə demək istərdiniz?

Bu çox az olur. Emil sənətkardır, bu danılmaz faktdır. Hamı hamını bəyənə bilməz. Onu yazanlar musiqini anlamayan insanlardır. Onlara da heç nə başa salmaq olmur. Bunlar məni narahat etmir, çünki Emil məktəbi deyilən bir şey var. İndi elə gənclər var ki, Emilin tərzində oxuyurlar. Bu mənə çox xoş gəlir. Bu gün tanınan bir çox müğənni elə Emilin tərzinə baxıb oxuyur. Bu da yaxşı bir haldır.

 

-Emilin öz valideynləri ilə münasibətləri necə olub?

Emil uşaqlıqdan ərköyün olub, ailəsini çox incidib. Bir qardaşını da tez itirib. Həmişə deyirdi ki, atama çox əziyyət vermişəm. Ona görə aramızda olanları ailələrə bildirmirdik. Rəhman müəllim əsəbləşəndə çox şey deyə bilər, amma bu gün onun belinin necə büküldüyünü mən görürəm.

 

-Sabrina, Emildən sonra ailə qurmağı düşünürsənmi?

Bu sual mənim üçün çox həssas mövzudur. Düşünmürəm, amma həyat davam edir. Gələcək mənim üçün nələri gətirəcək, bilmirəm. Amma uyğun biri olsa ailə quraram. Biz nələr yaşamışıq bir o bilir, bir də mən. Heç kimə də bizim zərər-ziyanımız dəyməyib. Emil nə edibsə özünə edib. Doğmalarımız belə yaşadıqlarımızı bilməyib. Çünki özüm seçib gəlmişdim. Həyatda şərtlər nə olursa olsun, mən harada olsam da Emil mənim üçün bir başqa olaraq qalacaq. Onun yeri mənim qəlbimdə yaşayacaq və ömrümün sonuna qədər bu belə davam edəcək.

 

"Əgər mən həyat yoldaşı olaraq Emildən razıyamsa, onlar kimdir ki onu pisləsinlər?”

-Hər kəs Emili pis vərdişləri ilə xatırlayır. Hətta dünyasını dəyişən zaman da belə söz-söhbətlərə rast gəldik. Pis düşünən insanlara nə demək istəyirsən?

Bu həyatın görünən üzü ilə yanaşı, görünməyən tərəfləri də var. Səhvsiz bir Allahdır. Hər kəsin mənfi cəhətləri var. Bəli, Emil bu xəstəlikdən əziyyət çəkib. Amma nə o özü bundan utanmayıb, nə də mən ondan. Emil çox sağlam insanlardan da şərəfli, qeyrətli, mərd oğul idi. Allah ona xəstəliklə yanaşı elə bir sənət vermişdi ki, indiki müğənnilər 40 il öyrənsələr də elə ifa edə bilməzlər. Bunu deyənlər Emil olmaq istəyən, ancaq ola bilməyənlərdir. İnanın ki, bu qədər problemləri ilə yanaşı onun nə qədər paxıllığını çəkənlər də vardı. Həmin insanlar Emil haqqında ümumiyyətlə, danışmağa layiq deyillər. Əgər mən həyat yoldaşı olaraq Emildən razıyamsa, onlar kimdir ki Emili pisləsinlər? Buradan da eşitsinlər, Emilin şəxsi həyatı onun özü üçün idi.

 

-Emil haqqında həyat yoldaşının danışdığı bu gözəl sözlər, inanıram ki, insanlarda yaranan mənfi fikirləri az da olsa dəyişəcək. Çünki bir qadın vəfat edən həyat yoldaşını belə gözəl xatırlayırsa, demək o həqiqətən də yaxşı insan olub. İnanıram ki, onun ruhu şaddır.

Siz də sağ olun ki, onun yaşadığı evə gəldiniz. Emili xatırlamaq belə şərəflidir, gözəldir.

 

Aysel Hacızadə

Həsən Quliyev

OXŞAR XƏBƏRLƏR