Deputat: Rusiya kompensasiya ilə Azərbaycanın haqlı mövqeyini qəbul etdi

Deputat: Rusiya kompensasiya ilə Azərbaycanın haqlı mövqeyini qəbul etdi
SİYASƏT
16:16 16.04.2026
257
"Rusiyanın AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya ödəməklə bağlı razılığa gəlməsi Azərbaycan Prezidenti İlham Əliyevin milli maraqları hər zaman qətiyyətlə müdafiə etməsinin göstəricisidir”.

Bunu Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə AZXEBER.COM-a açıqlamasında bildirib. 

O deyib ki, Azərbaycanın haqlı mövqeyi hər zaman cənab Prezident tərəfindən səsləndirilib:

 
"Azərbaycanın haqlı və ədalətli mövqeyi hər zaman cənab Prezident İlham Əliyev tərəfindən səsləndirilib. Hadisənin ilk günündən etibarən Azərbaycan hökumətinin mövqeyi prinsipial olub ki, ölkənin milli maraqları qorunmalı, təyyarə ilə bağlı məsələ üzrə kompensasiya ödənilməli və üzrxahlıq edilməlidir. Bu prinsipial mövqe Prezident tərəfindən ardıcıl siyasət kimi aparılıb. Son bir il yarım ərzində də gördük ki, Azərbaycan öz mövqeyindən geri çəkilmədi. Hətta Rusiyanın ən yüksək rəhbərliyi səviyyəsində bu mövqe qəbul edildi və Azərbaycanın haqlı, ədalətli yanaşması ilə hesablaşmalı oldular. Rusiya beynəlxalq ictimaiyyət qarşısında Azərbaycanın tələblərinin ədalətli və əsaslı olduğunu qəbul etdi və bu tələblərlə razılaşdı”.

Parlamentari vurğulayıb ki, Azərbaycanla Rusiya arasında ticarət əlaqələri davam edir:

"Digər ölkələrlə münasibətlərdə də Azərbaycanın siyasəti milli maraqların qorunmasına əsaslanır. Eyni zamanda, Azərbaycanla Rusiya arasında ticarət əlaqələri dayanmayıb, əməkdaşlıq davam edir. Rusiya bizim qonşu ölkəmizdir və münasibətlər inkişaf etməkdədir. Xüsusilə qeyd etmək lazımdır ki, "Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafı gündəmdədir və bu istiqamətdə Azərbaycan-Rusiya dialoqu mühüm rol oynayır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR