Deputat toylardakı vəziyyətdən danışdı

Deputat toylardakı vəziyyətdən danışdı
Bütün Xəbərlər
22:43 01.11.2011
1439

“ “Mərasimlər haqqında” qanun layihəsinin hazırlanması istiqamətində iş gedir. Ancaq qanunun hazırkı məqamda qəbulu bu gün Azərbaycan reallıqları ilə uzlaşmır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. O bildirib ki, Tacikistanda qəbul olunan qanunu Azərbaycanda tətbiq etmək mümkün deyil: “Məsələn, Tacikistanda toy mərasimlərində avtomobil karvanı, yeməklərin, qonaqların sayı ilə bağlı məhdudiyyətlər mövcuddur. Bu normaları Azərbaycan cəmiyyətində tətbiq etmək mümkündürmü? Hamı bilir ki, çox gülünc olar. Əlbəttə, bizim bəzi qanunlarımız bu məsələləri tənzimləyir. Amma el və ailə şənlikləri ilə bağlı cəmiyyətdə təbliğata ehtiyac var”.

H. Rəcəblinin sözlərinə görə, hər vətəndaş təşkil etdiyi tədbirin səviyyəsinə diqqət yetirməlidir: “Dünyada, əsasən də qonşu müsəlman ölkələrində keçirilən mərasimlərə diqqət yetirək. İnanıram ki, kiçik zaman kəsiyində bu məsələlər öz məcrasına düşəcək. Artıq insanların bir çoxu anlayır ki, toylarımız israfçılıqdır, səs-küylüdür, istirahət deyil, ən əsası bayram deyil”.

H. Rəcəbli ilk addımların ziyalılar, imkanlı şəxslər tərəfindən atılmasının əhəmiyyətini də vurğulayıb: “Bizim elə ziyalılarımız var ki, bu nümunəni göstərirlər. Bizi pis vəziyyətə salan insanlarımızın bəhsə girməsidir. Razıyam, şadlıq evləri də bəzən şənliklə bağlı öz şərtlərini diktə edirlər. Amma toy sahibi öz sözünü desə, irəliləyiş əldə etmək olar. Məsələn, Naxçıvanda inzibati amildən çox, ağsaqqalların fəaliyyəti var. Orada hökumət, ağsaqqallar və din xadimlərinin müzakirəsinin yekunu olaraq nəticə əldə edirlər”.

OXŞAR XƏBƏRLƏR