Deputatdan “Şərurlu İsfəndiyar”ın tələbələrlə görüşünə İRAD: “Uğurları onu nümunə etmir”

Deputatdan “Şərurlu İsfəndiyar”ın tələbələrlə görüşünə İRAD: “Uğurları onu nümunə etmir”
SOSİAL
15:56 14.11.2026
192
"Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatı, "Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundovun Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri ilə görüşməsi ictimaiyyət tərəfindən müxtəlif reaksiyalarla qarşılanıb. 

AzMİU bir neçə tələbəsinin iş adamı İsfənyar Axundovla görüşünün universitet tərəfindən təşkil edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Universitetdən verilən açıqlamada qeyd olunub ki, görüş AzMİU-da keçirilməyib, universitet tərəfindən təşkil edilməyib və tədris prosesinin tərkib hissəsi olmayıb.
Bildirilib ki, görüş bir neçə tələbənin şəxsi təşəbbüsü və müstəqil müraciəti əsasında iş adamının öz iş yerində baş tutub:
"Universitet rəhbərliyinin, eləcə də digər struktur bölmələrinin bu görüşün təşkili və keçirilməsi ilə heç bir əlaqəsi olmayıb. Tələbələrin şəxsi təşəbbüsləri əsasında universitetdən kənarda həyata keçirdikləri görüş və fəaliyyətlərin ali təhsil müəssisəsinin rəsmi mövqeyi, təşəbbüsü və ya tədris fəaliyyəti kimi təqdim olunması yolverilməzdir”.

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, Şərurlu İsfəndiyarın son müsahibələri cəmiyyətdə kifayət qədər geniş izlənilib və ciddi müzakirələrə səbəb olub:

"Onun xüsusilə təhsil, elm, din və həyat haqqında səsləndirdiyi bəzi fikirlər birmənalı qarşılanmayıb. Düşünürəm ki, tələbələrin ona maraq göstərməsinin səbəblərindən biri də məhz bu qeyri-adi ictimai obrazdır. Bu gün gənclər arasında fərqli davranışları, gözlənilməz açıqlamaları və qeyri-ənənəvi danışıq tərzi ilə gündəmə gələn şəxslərə maraq var. Bəzən belə görüşlərdə ciddi fikir mübadiləsindən daha çox yarızarafat, qeyri-ciddilik və hətta müəyyən səbatsızlıq ön plana çıxır. Təəssüf ki, cəmiyyətin bir hissəsində diqqət çəkmək və populyar olmaq getdikcə daha çox dəyər qazanır.
Təbii ki, İsfəndiyar Axundovun sahibkarlıq təcrübəsi var, tikinti sektorunda müəyyən mövqeyə sahibdir. Onun biznes fəaliyyəti ilə tanış olmaq, təcrübəsini dinləmək tələbələr üçün maraqlı ola bilər. Buna normal yanaşmaq lazımdır. Ancaq bir şəxsin biznes uğuru onun bütün fikirlərini və davranışlarını gənclər üçün nümunəyə çevirmir”.

Deputat qeyd edib ki, tələbələrin şəxsi təşəbbüsünə və seçim hüququna hörmətlə yanaşır:

"Bununla belə, universitet yalnız təhsil verən müəssisə deyil, həm də gənclərin dünyagörüşünün, intellektual səviyyəsinin və dəyərlərinin formalaşdığı məkandır. Ona görə də burada əsas məsələ kiminsə populyarlığı deyil, gənclərə hansı təcrübənin, hansı düşüncənin və hansı dəyərlərin təqdim edilməsidir. İnanıram ki, gənclər uğur qazanmış insanlarla görüşməklə yanaşı, elmin, təhsilin, peşəkarlığın və intellektual səviyyənin həqiqi daşıyıcıları ilə də daha çox ünsiyyətdə olmalıdırlar. Çünki gəncliyə nümunə seçərkən təkcə tanınmaq deyil, həm də hansı dəyərləri təmsil etmək əsas götürülməlidir”.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR