Deputatlar məktəb illərini necə xatırlayır? - "Müəllim məni döyürdü"

Deputatlar məktəb illərini necə xatırlayır? - "Müəllim məni döyürdü"
SİYASƏT
15:19 01.09.2026
353
Sentyabrın gəlişi ilə məktəb və tələbəlik illəri yenidən xatırlanır. Hər kəsin həyatında bu dövrlə bağlı yaddaşından silinməyən, illər keçsə də üzündə təbəssüm yaradan xüsusi bir an var. Bəzən bir müəllimin dediyi söz, bəzən dostlarla yaşanan unudulmaz hadisə, bəzən də ilk böyük uğur insanın yaddaşında ömürlük iz buraxır.

Bəs deputatlarımızın məktəb və universitet illərindən yaddaşlarında ən çox qalan maraqlı an hansı olub? 

AZXEBER.COM olaraq onlardan keçmişə qayıdaraq tələbəlik və məktəb illərinin ən yaddaqalan xatirələrini bölüşmələrini istədik. 

Milli Məclisin deputatı Ceyhun Məmmədov:

"Mən orta məktəbi Cəbrayıl rayonunda oxumuşam. Bizim ən çox yadda qalan məsələlərdən biri müəllimlərlə aramızda olan münasibət idi. Müəllimlər bizə övladları kimi yanaşırdılar. Bəzən bizi xəbərdar edir, bəzən tənbeh edirdilər, amma hər zaman övladları kimi münasibət göstərirdilər. Biz isə bunu hər zaman yüksək qiymətləndirirdik. Müəllim hətta bizi döyürdü, amma buna baxmayaraq, münasibətlərimiz qaydasında davam edirdi.


Universitet təhsilimi Suriyada almışam. Qərib ölkədə tələbə yoldaşlarımızın bizə göstərdiyi xoş münasibət, ayırdığı diqqət və qayğı bizim üçün çox dəyərli idi. Təhsil müddətində onların bizə göstərdiyi qayğını heç vaxt unutmuruq”.

Milli Məclisin deputatı Razi Nurullayev:

"1992-ci il idi. Ölkədə siyasi stabillik pozulmuş, SSRİ dağılmışdı. Azərbaycan Dillər Universitetində birinci kursda oxuyurdum. Yerli qəzetdə "Beş ildə bir dil?” adlı yazı yazdım. Çünki mən eyni zamanda bir neçə dil öyrənmək istəyirdim, amma bizə yalnız bir xarici dil – ingilis dili keçirdilər. O zaman rektor Fəxrəddin Veysəlov, prorektor isə Qorxmaz Quliyev idi. Məni çağırdılar. Otaqda universitetin, demək olar ki, bütün elitası toplaşmışdı. Məndən soruşdular: "Sənə bu yazını kim sifariş verib?” And-aman etdim ki, heç kim. Həqiqətən də heç kim. Dedilər: "Adını de, sənə heç nə etməyəcəyik. Yoxsa universitetdən qovula bilərsən”.


Bir az qorxdum. Amma axı yazını özüm yazmışdım, kimin adını verim? Məncə, inandılar. Açığı, bundan sonra mənə heç bir təzyiq də göstərilmədi. Bu hadisə universitet illərimdən yadımda ən çox qalan xatirələrdən biridir”.

Milli Məclisin deputatı Zahid Oruc:

"Sovet dövründə təhsil almağımıza baxmayaraq, bir-birindən rəngarəng tədbirlərin, görüşlərin, səfərlərin iştirakçısı olmuşuq. Mən məktəbin birincisi olmuşam. Bu, özlüyündə müəllimlərlə daha yüksək təmas imkanları demək idi. Digər tərəfdən isə həmişə öndə tutulmağa səbəb olurdu.

Bakıdan və digər rayonlardan yoxlama komissiyaları gələn zaman müəllimlərimizin bizə əvvəlcədən müəyyən tapşırıqları olurdu. Biz maksimum dərəcədə o tapşırıqları yerinə yetirməyə çalışırdıq. Bilirdik ki, bu, həm sinfin, həm də məktəbin təmsilçiliyi deməkdir.

Mən səkkizinci sinifdə rayon olimpiadasına qatılmışdım. Orada müəllimlərimizin bir-birinə "əziz müəllim, əziz müəllim” deyə müraciətlərini görmüşdüm. Bunu sinif yoldaşlarımla bölüşərkən xüsusi bir hadisə kimi təqdim edirdim Bu, o dövrün çox üstün, zəngin bir münasibət sisteminin bir hissəsini göstərirdi. Sonradan 10-cu sinifdə rayon olimpiadasına qatılan zaman bildim ki, müəllimin adı Əzizdir.  Bu, qəribə bir duyğu yaratmışdı. Hər bir halda bizim özümüzün tərbiyəmizə, dünya görüşümüzə, insanı münasibətlərimizə də yaxşı təsir etmişdir.

Məktəbi bitirdiyimiz dövrdə son zəngin çalınması fonunda müəllimlərimizin bizi bir araya gətirməsi, çox böyük öyüd dolu nəsihətlər verməsi yaddaqalan hadisələrdəndir. Cahan müəllimdən başlayaraq, Məryəm xanım daxil olmaqla, Malik müəllim bizə birinci sinifdə əlifbanı öyrədənlərin hər birini ehtiramla xatırlayır və bu gün də onlara borclu olduğumuzu söyləyirəm. Rəna və Cəlal müəllim bizə ədəbiyyatın sirlərini öyrədən, böyük mütəfəkkir və filosofların, yazıçıların əsərlərinin mahiyyətini çatdıran insanlara da bu gün vəfa borcumuz olaraq ən xoş arzularımızı çatdırırıq. Dünyadan gedən müəllimlərə isə rəhmət diləyirik”.

Milli Məclisin deputatı Fariz İsmayılzadə:

"Bizim məktəb illərimiz Sovet İttifaqının dağılması ərəfəsinə, Qarabağ müharibəsinin acı günlərinə təsadüf etdi. 20 Yanvar hadisələri zamanı rus müəllimlərin dərslərini boykot etdiyimiz dövrə düşdü. Biz rayonda oxuyurduq. Məktəblərdə həmin dövrdə işıq və qaz yox idi. Soyuq olduğuna görə paltoda oturub dərs oxuyurduq. Belə çətin anlar yadımda qalıb”. 


Milli Məclisin deputatı Müşfiq Cəfərov:

"Aqrar Universitetində təhsil aldığım zaman oranın rektoru Məmmədtağı Cəfərov idi. Həmin vaxt Azərbaycan Avropa Şurasına yenicə üzv olmuşdu. Mən bu xətt üzrə Strasburqda, Budapeştdə Avropa Şurasının gənclərlə bağlı tədbirlərində iştirak edirdim.

Məmmədtağı müəllim üçün də maraqlı oldu ki, tələbə niyə tez-tez icazə alıb səfərlərə gedir. Məni çağırıb görüşdü. Görüş zamanı məndən soruşdu ki, sən nə işlə məşğulsan? Mən dedim ki, ictimai fəaliyyətlə məşğulam. Gənclər təşkilatı yaratmışıq.

O mənə dedi ki, sən ciddi işlərlə məşğulsan, heç mənim xəbərim yoxdur. Sənin şəklin şərəf lövhəsində yoxdur, sənin şəklin orada olmalıdır. Bu, mənim üçün çox maraqlı hadisə idi. Çünki həmin vaxtlar rektorla hər tələbə görüşə bilmirdi”.
 
Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR