Abşeron Rayon Məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının həbsdə olan sədr müavini Nigar Yaqublunun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
APA-nın xəbərinə görə, hakim İlham Kərimovun sədrliyi ilə keçirilən prosesdə ittiham tərəfinin şahidləri Vəliyulla Səfərəliyev və Xancan Rəhimov, polis əməkdaşları Anar Abdullayev və Emin Axundov ifadə veriblər.
Polis serjantı A. Abdullayev hadisə yerinə gələndə “Peugeot” markalı maşının içində bir kişinin öldüyünü, orada olan bir qızın isə avtomobilin yanında ağladığının şahidi olduğunu deyib: “Həmin qız ətrafdakıları köməyə çağırırdı. Məndən onu tutub-tutmayacaqlarını soruşdu. Sürücülük vəsiqəsini istəyəndə vəsiqəsinin olmadığını dedi. Mən şəxsiyyət vəsiqəsini alıb, müstəntiqə təqdim etdim. Sonra qız atasının nömrəsini dedi, mən ona zəng elədim. Atası gəldi, qızı xəstəxanaya apardı”.
Daha sonra prosesdə hadisə şahidlərindən Hüseyn Qasımovun ifadəsi elan olunub.
Hakim şahidin onun Naxçıvanda olduğunu və prosesə gələ bilmədiyini qeyd edib.
Daha sonra N. Yaqublunun vəkili Adil İsmayılov millət vəkili Qənirə Paşayevanın adından 6 deputatın imzaladığı müraciəti məhkəməyə təqdim edib. Müraciətdə N. Yaqublu barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi xahiş olunub. Eyni zamanda qeyd edilib ki, müraciəti imzalayan millət vəkilləri N. Yaqublunun prosesdə iştirakına zamin duracaqlar.
Hakim fasilə elan edib və vəsatətin günün ikinci yarısında müzakirə olunacağını deyib.
Qeyd edək ki, N. Yaqublu sentyabrın 11-də saxlanılıb. Məhkəmə onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. Həbs Müsavat Partiyasının üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır.