Deputatlar sarımsağa görə mübahisə etdi

Deputatlar sarımsağa görə mübahisə etdi
DÜNYA
02:06 18.11.2026
46
Ermənistan parlamentində hakim partiya deputatının Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginlə bağlı sarımsaqdan istifadə barədə istehzalı çıxışı müxalifət deputatlarının etirazına səbəb olub. Nəticədə müxalifət nümayəndələri iclas zalını tərk ediblər.

Hadisə hakim "Vətəndaş müqaviləsi” partiyasının deputatı Asmik Akopyanın çıxışı zamanı baş verib. O, müxalifət tərəfdarlarının "natəmiz qüvvələrlə” mübarizə aparmaq üçün II Qareginin onlara sarımsaqdan istifadə etməyi öyrətmiş ola biləcəyini istehzalı şəkildə bildirib.

Deputat bu sözləri noyabrın 16-da parlament dinləmələri zamanı baş verən hadisəyə münasibət bildirərkən deyib. Belə ki, müxalifətin dəvət etdiyi bir neçə iştirakçı hakim partiya nümayəndələrini simvolik şəkildə parlament tribunası ətrafında sarımsaq dəstəsi gəzdirməklə "qovmağa” çalışıb.

Akopyanın çıxışından sonra müxalifət deputatları masalara döyməklə etirazlarını bildiriblər. Milli Məclisin sədri Ruben Rubinyanın da din xadimi ilə bağlı fikirlərindən sonra onlar iclas zalını tərk ediblər.

Bundan başqa, hakim partiyanın deputatları müxalifətin siyasi təqiblərlə bağlı bəyanat layihəsinin iclasın gündəliyinə daxil edilməsinə qarşı çıxıblar. Təşəbbüsün əleyhinə 54, lehinə isə 33 deputat səs verib.

Bəyanat layihəsində hakimiyyətin müxalifət siyasətçilərinə və kilsə nümayəndələrinə təzyiq vasitəsi kimi cinayət təqibindən istifadə etdiyi iddia olunurdu.

Xatırladaq ki, fevral ayında II Qaregin barəsində cinayət işi başlanıb və onun Ermənistanı tərk etməsinə qadağa qoyulub. Katalikosun təqib olunması Baş nazir Nikol Paşinyanla Erməni Apostol Kilsəsinin rəhbərliyi arasında yaranan münaqişə fonunda baş verib. Paşinyan onun kilsəyə rəhbərlikdən uzaqlaşdırılmasına çalışır.

///sfera.az
OXŞAR XƏBƏRLƏR